YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Meksikanın “Mundo Internacional” jurnalında “Azərbaycanın Milli Günü” sərlövhəli məqalə dərc olunmuşdur

Meksikanın “Mundo Internacional” jurnalının yay buraxılışında “Azərbaycanın Milli Günü” sərlövhəli məqalə dərc olunmuşdur. Məqalə Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Mexikoda təşkil olunmuş qəbulda ölkəmizin Meksikadakı səfiri İlqar Muxtarovun çıxışı əsasında hazırlanmışdır.

Səfirlikdən bildirmişlər ki, məqalədə 1918-ci ildə Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının böyük tarixi hadisə olduğu vurğulanır.

Yazıda qeyd olunur ki, Azərbaycan 1970-ci ildən etibarən ulu öndər Heydər Əliyevin rəhbərliyi altında yüksək inkişaf yoluna qədəm qoymuş və müstəqilliyini bərpa etdikdən sonra da həmin proses davam etmişdir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi dövrdə ciddi çətinliklərlə üzləşmiş, Ermənistanın hərbi təcavüzünə və etnik təmizləmə siyasətinə məruz qalmış, ərazisinin 20 faizi işğal altına düşmüşdür.

Məqalədə Azərbaycan Hökuməti tərəfindən altı il bundan əvvəl Latın Amerikasında ilk olaraq Meksikada səfirliyin açıldığı, habelə artıq Argentina, Braziliya, Kolumbiya, Uruqvay və Kubada səfirliklərinin fəaliyyətə başladığı diqqətə çatdırılır. Bildirilir ki, Meksika Hökuməti cari ildə Azərbaycanda səfirlik açmaq üçün qərar qəbul etmişdir və bu mühüm hadisə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına töhfəsini verəcəkdir.

Eyni zamanda qeyd olunmuşdur ki, ötən altı ildə Azərbaycan Hökuməti Meksika iqtisadiyyatının müxtəlif sahələrinə investisiya qoymuşdur. Habelə həmin dövrdə Azərbaycandan Meksikaya yüksək səviyyəli rəsmi şəxslərin səfərləri həyata keçirilmişdir.

Sonda vurğulanmışdır ki, Azərbaycanda bütün azadlıqlar - ifadə azadlığı, mətbuat azadlığı, toplaşma azadlığı tam şəkildə təmin edilir və respublikamızda yüksək tolerantlıq şəraiti mövcuddur. Bütün bunlar müasir Azərbaycanın reallıqlarının bariz nümunəsidir.