YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT-nin rezident əlaqələndiricisi: Azərbaycanda yüksək səviyyəli multikultural mühit mövcuddur

BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Qulam İsakzai iyunun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) olub.

Komitənin mətbuat xidmətindən  bildiriblər ki, görüşdə DQİDK-nın sədri Mübariz Qurbanlı yaxın günlərdə fəaliyyətinin 15 illiyini qeyd edəcək Dövlət Komitəsinin yaranma tarixindən danışıb. O, komitənin ulu öndər Heydər Əliyev tərəfindən dövlətin din siyasətinin yüksək səviyyədə həyata keçirilməsi üçün yaradıldığını və bu istiqamətdə qarşısına mühüm vəzifələr qoyulduğunu deyib.

Azərbaycanda dövlət-din münasibətlərinin mükəmməl formada qurulduğunu, məzhəblər arasında heç bir ayrı-seçkiliyin olmadığını deyən M.Qurbanlı ölkəmizin dünyaya tolerantlıq nümunəsi sərgilədiyini diqqətə çatdırıb. O, Azərbaycanın tarixi tolerantlıq ənənələrinə malik ölkə olduğunu, burada müxtəlif millətlərin nümayəndələrinin yaşadığını və onların respublikamızda fəaliyyət göstərən məscid, kilsə və sinaqoqlarda dini ayinlərini sərbəst icra etdiklərini bildirib. Komitə sədri qeyd edib ki, biz bütövlükdə dini radikalizmin əleyhinəyik və ölkəmizdə radikal meyillərin yayılmasının qarşısının alınması üçün bütün tədbirlər görülür. Bu istiqamətdə tədbirlərin “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanuna müvafiq formada həyata keçirildiyini deyən M.Qurbanlı dini radikalizmlə mübarizənin hüquqi, iqtisadi və ideoloji təbliğat olmaqla üç istiqamətdə aparıldığını bildirib.

Komitə sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkərək vurğulayıb ki, Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı nəticəsində İslam dininə aid bütün tarixi abidələr, o cümlədən məscidlər, ziyarətgahlar dağıdılıb. Sədr BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərin boşaldılmasına dair 4 qətnamə qəbul etdiyini, amma bu qətnamələrə əməl olunmadığını xatırladıb. Qeyd edib ki, BMT kimi nüfuzlu beynəlxalq təşkilatın qətnamələrinin yerinə yetirilməməsi bu quruma olan etimada mənfi təsir göstərir.

Qulam İsakzai ölkəmizdə mühüm dəyişikliklərin şahidi olduğunu, bu inkişafın ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət nəticəsində baş verdiyini vurğulayıb.

Bildirilib ki, BMT-nin baş katibi tərəfindən dini radikalizm və ekstremizmlə mübarizə istiqamətində tədbirlərin gücləndirilməsi ilə bağlı geniş işlər görülür. Bu istiqamətdə BMT-nin baş katibi tərəfindən “Zorakı ekstremizmin qarşısının alınması üzrə Fəaliyyət Planı” təsdiq edilib.

Dünyada cərəyan edən gərgin siyasi proseslər və müsəlman dünyasında müşahidə edilən terror dalğası fonunda Azərbaycanda mövcud olan multikultural və tolerant mühiti yüksək dəyərləndirən BMT-nin rezident əlaqələndiricisi Dövlət Komitəsi ilə sıx əməkdaşlıq etmək niyyətində olduqlarını diqqətə çatdırıb.