YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Almaniya arasında sıx siyasi dialoq mövcuddur

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə işgüzar səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ilə görüşüb.

Nazirlər əvvəlcə təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə müzakirələr aparıblar.

Son bir il yarım ərzində Prezident İlham Əliyevin Almaniyaya etdiyi dörd səfəri, habelə xarici işlər nazirləri səviyyəsində qarşılıqlı səfərləri xatırladan Elmar Məmmədyarov bu yüksək səviyyəli səfərlərin ölkələrimiz arasında sıx siyasi dialoqun göstəricisi olduğunu deyib. O qeyd edib ki, iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizmi mütəmadi əsasda davam etdirilir, ikitərəfli əlaqələrə aid və beynəlxalq gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparılır. Nazir ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrini tənzimləyən geniş müqavilə-hüquq bazasının mövcud olduğunu, beynəlxalq və regional təşkilatlar çərçivəsində Azərbaycanın Almaniya ilə əməkdaşlığının və bu çərçivədə qarşılıqlı dəstəyin təqdir edildiyini bildirib.

Nazirlər ölkələrimiz arasında siyasi əlaqələrin ruhuna uyğun olaraq, iqtisadi və ticarət əməkdaşlığının daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd ediblər. Frank-Valter Ştaynmayer Azərbaycanın Almaniyanın regionda əsas ticarət tərəfdaşı olduğunu söyləyib.

Görüşdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyi vurğulanıb, bu xüsusda Almaniya şirkətlərinin və sərmayəsinin daha yaxından Azərbaycan iqtisadiyyatına cəlb olunmasının vacibliyi qeyd edilib.

Nazir Elmar Məmmədyarov Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında Azərbaycanın əhəmiyyətli rolu barədə danışıb, Almaniyanın da maraq dairəsində olan “Yeni İpək Yolu” layihəsinin reallaşmasının hər iki tərəfin maraqlarına cavab verdiyini qeyd edib. O, ölkəmizin bu layihəyə verdiyi töhfənin bölgənin inkişafına fayda verəcəyinə, region ölkələri ilə Avropa İttifaqına üzv dövlətlər arasında ticarət dövriyyəsinin və insanlararası təmasların artmasına xidmət edəcəyinə əminlik ifadə edib.

Görüşdə vurğulanıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan etibarlı tərəfdaşdır və hazırda icra olunan TANAP, TAP layihələri və bütövlükdə “Cənub Qaz Dəhlizi” layihəsi alternativ mənbədən qaz təmin etməklə Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcək. Nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən bu kimi irimiqyaslı nəqliyyat və enerji layihələrinin regionlar arasında əlaqələrin yaradılmasında mühüm rol oynayacağına ümidvar olduğunu bildirib.

Görüşdə, həmçinin bu il mayın 18-19-da ATƏT çərçivəsində Berlində keçirilmiş “Ticarət və sərmayə üçün əlaqə” adlı iqtisadi konfransın işi, ölkəmizin bu tədbirdə geniş tərkibdə iştirakı qeyd edilib.

Nazirlər ikitərəfli əlaqələrdə mədəni və humanitar məsələlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar və bildiriblər ki, gələn il Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyi qeyd olunacaq. Elmar Məmmədyarov Azərbaycanda yaxşı qorunmuş alman irsinin mövcud olduğunu deyib və bu irsin ölkəmizin təşəbbüsü ilə UNESCO-nun mədəniyyət abidələri siyahısına daxil edildiyi barədə məlumat verib. O, ölkəmizdəki alman abidələrinin, xüsusən dörd kilsənin bərpa edildiyini diqqətə çatdırıb.

Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxunan Elmar Məmmədyarov ölkəmizin həmişə bərabər tərəfdaşlıq və qarşılıqlı faydalılıq prinsipləri əsasında Aİ ilə münasibətləri inkişaf etdirmək üçün güclü siyasi iradə nümayiş etdirdiyini, Riqa Sammiti çərçivəsində Aİ-yə Strateji Tərəfdaşlıq Sazişi layihəsinin təqdim edildiyini vurğulayıb. O əlavə edib ki, bu saziş ikitərəfli əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə qaldırmaq və birgə maraqlarımızı daha yaxşı təmin etmək üçün möhkəm zəmin yaradacaq.

Nazir, həmçinin Azərbaycanın mülki aviasiyasının Avropa Komissiyası ilə Vahid Aviasiya Zonası Sazişinə dair danışıqlar prosesinin bərpa olunması niyyətini təsdiq etməsi barədə məlumat verib.

Ermənistan-Azərbaycan münaqişəsindən və aparılan danışıqlar prosesindən söhbət açan Elmar Məmmədyarov bildirib ki, Azərbaycan tərəfi Almaniya sədrliyinin ATƏT məkanında həlli uzanan münaqişələr məsələsini prioritet istiqamət kimi müəyyən etməsini və bu xüsusda Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı irəliləyişin əldə edilməsinə yardım göstərmək səylərini yüksək qiymətləndirir. O, fəaliyyətdə olan sədrin münaqişə zonasındakı mövcud status-kvonun qeyri-davamlı və təhlükəli olması barədə fikrini bölüşdüyünü deyib. Nazir vurğulayıb ki, status-kvonun dəyişdirilməsi üçün işğala son qoyulmalı və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Vyana və Sankt-Peterburq görüşlərinin nəticələrini müsbət qiymətləndirən nazir Azərbaycanın münaqişənin həllində irəliləyişə nail olmaq üçün substantiv danışıqları davam etdirməyə hazırlığını bir daha ifadə edib.

Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.