YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın ABŞ-dakı səfirliyində NATO konfransının iştirakçıları ilə görüş keçirilib

Müxtəlif ölkələrin bir sıra nüfuzlu qeyri-hökumət təşkilatlarını özündə birləşdirən “Minillik layihəsi” və NATO tərəfindən birgə təşkil olunmuş NATO təkmilləşdirilmiş elmi araşdırma konfransı iştirakçılarının şərəfinə Azərbaycanın ABŞ-dakı səfirliyində ziyafət verilib. Üç gün davam edəcək konfransa səfirlikdə təşkil olunan tədbirlə start verilib.

“Minillik layihəsi”ndə iştirak edən QHT-lərdə əsasən tanınmış alimlər, analitiklər və ekspertlər fəaliyyət göstərirlər. Bu QHT-lər bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla birgə proqramlar həyata keçirir. Hazırkı konfrans aktual “Potensial terrorçuların müəyyən olunması və onlara qarşı cavab tədbirlərinin görülməsi. Yaranmaqda olan texnologiyalar və terrorizmə qarşı yeni mübarizə strategiyaları” mövzusuna həsr edilib.

Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov konfransın əhəmiyyətini qeyd edərək ölkəmizin terrorizmə qarşı mübarizəyə verdiyi töhfə və bu sahədə atdığı addımlardan danışıb. O, Azərbaycanın regionda daim inkişafın və qabaqcıl düşüncənin aparıcı qüvvəsi olduğunu bildirərək, 1918-ci ildə Şərqdə ilk demokratik respublikanın məhz ölkəmizdə qurulduğunu, dinindən, etnik mənsubiyyətindən və cinsindən asılı olmayaraq, hər vətəndaşa bərabər hüquqların verildiyini vurğulayıb.

M.Talıbov müstəqillik illərində Azərbaycanın liderliyi ilə həyata keçirilən irimiqyaslı regional layihələr barədə də danışıb. O, həmin layihələrin regionun inkişafında mühüm rol oynadığını qeyd edib. Diplomat, həmçinin həyata keçirilməkdə olan “Cənub Qaz Dəhlizi” layihəsi haqqında məlumat verib. Layihənin Cənubi Qafqaz regionunun Avropa ilə bilavasitə təmas yaradacağını bildirib.

Qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verilib. Azərbaycan ərazisinin 20 faizinin hələ də Ermənistanın işğalı altında olduğu və münaqişənin region üçün ən böyük təhlükə mənbəyi kimi qalmaqda davam etdiyi vurğulanıb.

“Minillik layihəsi”nin direktoru Jerom Qlen çıxış edərək layihə barədə ətraflı məlumat verib. O, tədbirə göstərilən diqqətə görə Azərbaycana minnətdarlığını bildirib. Üç il əvvəl ölkəmizə səfərini və Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünü xatırladan J.Qlen həmin səfər barədə xoş təəssüratlarını bölüşüb.

Konfransın İsraildən olan iştirakçısı Yair Şaran çıxışında üç il əvvəl Azərbaycanda səfərdə olduğunu, ölkələrimiz arasında yaxın dostluq əlaqələrinin mövcudluğunu bildirib. O, NATO-nun təkmilləşdirilmiş elmi araşdırma konfransının ilk gününün Azərbaycanın ABŞ-dakı səfirliyində rəsmi qəbulla başlamasının sevindirici hal olduğunu qeyd edib.

Sonda “Minillik layihəsi”nin fəal iştirakçılarından biri, Azərbaycan Futuroloqlar Cəmiyyətinin təsisçisi və rəhbəri Reyhan Hüseynova rəhbərlik etdiyi qurumun fəaliyyəti, “Minillik layihəsi”, həmçinin bu çərçivədə görülən işlər, ölkə rəhbərliyinin bu sahəyə diqqəti barədə məlumat verib.

Qonaqlar Azərbaycan ilə bağlı məlumatları böyük maraqla qarşılayıb və göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

“Minillik layihəsi”nin iştirakçıları 2013-cü ilin iyununda “Azərbaycanın gələcəyi üçün növbəti böyük addımlar: Azərbaycanın neftdən sonrakı iqtisadiyyatı” mövzusunda Birinci Beynəlxalq Bakı Forumuna qatılıblar.