YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Azərbaycan böyük qaz dövlətlərinin sıralarına daxil olur

“Bu gün artıq Azərbaycan böyük qaz dövlətlərinin sıralarına daxil olur. Hasilat, nəqliyyat artacaq, Azərbaycan gələcəkdə tranzit funksiyalarını da oynaya bilər. Necə ki biz indi neftin, neft məhsullarının daşınması üçün bu rolu oynayırıq. Beləliklə, ölkəmizin qüdrəti, əhəmiyyəti artacaq, Azərbaycan xalqı daha da yaxşı yaşayacaq. Görülən bütün bu işlərin məqsədi budur - Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın, ölkəmizin iqtisadi müstəqilliyi daha da möhkəmlənsin və dünyada rolumuz, əhəmiyyətimiz artsın. Biz bütün bunları görürük. Ona görə, bugünkü mərasim çox rəmzi xarakter daşıyır. Bu, görülən işlərin bariz nümunəsidir.” Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Bakı dərin özüllər zavodunda “Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimində kollektiv ilə görüşundə səsləndirmişdir.

Dövlət başçımız qeyd etmişdir ki, Azərbaycan vətəndaşları bu böyük, nəhəng işləri xarici tərəfdaşları, xarici sərmayədarlar ilə birlikdə görürlər. Hər bir vətənpərvər Azərbaycan vətəndaşı bununla fəxr edir. Fürsətdən istifadə edərək, bu işlərdə iştirak etmiş bütün insanlara - Azərbaycan fəhlələrinə, mütəxəssislərinə, xarici tərəfdaşlara, BP şirkətinə və digər partnyorlara minnətdarlığımı bildirmək istəyirəm. Bu, bizim ümumi işimizdir və hər bir tərəf - xarici şirkətlər, Azərbaycan dövləti, Azərbaycan şirkətləri, Azərbaycan vətəndaşları öz mənfəətini götürür.