YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniyanın energetika nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının energetika naziri Maykl Fallonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Nazir Maykl Fallon Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Baş nazirinin Prezident İlham Əliyev ilə Haaqada görüşünü məmnunluqla xatırladığını dedi. Maykl Fallon ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən enerji və qeyri-enerji sektorunda inkişaf etdirilməsinə böyük önəm verdiyini vurğuladı.

Dövlətimizin başçısı ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən enerji və qeyri-enerji sektorunda əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğuladı. Son altı ayda qeyri-enerji sektorunda iqtisadiyyatın dinamik şəkildə artdığını bildirən Prezident İlham Əliyev bunu ölkə iqtisadiyyatının şaxələndirilməsinin yaxşı göstəricisi kimi dəyərləndirdi. Azərbaycan ilə bp arasında 20 illik uğurlu əməkdaşlığa toxunan dövlətimizin başçısı enerji, infrastruktur, inşaat və digər birgə layihələrin həyata keçirilməsində Böyük Britaniya şirkətlərinin bundan sonra da yaxından iştirak edəcəyinə ümidvar olduğunu bildirdi.

Prezident İlham Əliyev Baş nazir Devid Kemeronun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinə çatdırmağı xahiş etdi.