YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlamasının 45-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir

İyulun 10-da Heydər Əliyev Muzeyində Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlamasının 45-ci ildönümünə həsr olunmuş “Milli istiqlalın və intibahın başlandığı gün” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə açan YAP Naxçıvan şəhər təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərov “Ümummillli lider Heydər Əliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövrü” mövzusunda məruzə ilə çıxış etmişdir.

“Müstəqilliyimizin ilk illərində Naxçıvanı düşdüyü ağır blokada vəziyyətindən və ermənilərin qəsbkarlıq planlarından qurtarmaq üçün Ulu Öndər muxtariyyət statusunun verdiyi səlahiyyətlərdən istifadə edərək 1992-ci il martın 24-də qonşu Türkiyə və həmin il avqustun 24-də İran ilə sosial-iqtisadi, ticarət və mədəni əlaqələri inkişaf etdirmək sahəsində müqavilələr imzalamış, demək olar ki, elektrik enerjisindən tam məhrum olmuş muxtar respublikaya bu ölkələrdən elektrik xətləri çəkilmiş və enerji verilməsinə başlanmışdır”, - deyən YAP Naxçıvan şəhər təşkilatının sədri onu da əlavə etmişdir ki, ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən, ABŞ Konqresinin 1992-ci ilin oktyabrında Azərbaycana münasibətdə məşhur “Azadlığı müdafiə aktı”na bədnam 907-ci düzəlişi tətbiq etdiyi bir vaxtda, ABŞ-ın keçmiş prezidenti Bill Klintonun Naxçıvana humanitar yardım göstərmək barədə qərar qəbul etməsinə nail olmuşdur.
“Ümummilli lider Heydər Əliyev və milli ideya” mövzusunda məruzə ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru, Əməkdar Elm Xadimi Hüseyn Həşimli demişdir ki, Ulu Öndər hələ respublikamıza birinci rəhbərliyi dövründə milli ideyanın cəmiyyət həyatının bütün sahələrinə nüfuz etməsi istiqamətində çox böyük, həm də qətiyyətli addımlar atmışdır. Azər­bay­can tarixi­nin, dilinin, ədəbiyyatının, mədəniyyətinin hərtərəfli şəkildə və dərin­dən öyrənil­mə­si, təbliği, gənc nəslin milli mənəvi dəyərlər ruhunda tərbiyəsi, milli şüurun dir­çəlişi, ümu­mən bütün sahələrdə azərbaycançılıq ideologiyasının möhkəm, eti­barlı baza­­sı­nın formalaşdırılması yönündə qətiyyətli tədbirlər məhz Ümummilli Liderin parlaq dühası, ardıcıl səyləri sayəsində reallaşmışdır.
YAP Naxçıvan şəhər təşkilatı sədrinin müavini, Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev “Ulu öndər Heydər Əliyev və Azərbaycanın istiqlal məfkurəsi” mövzusunda məruzə ilə çıxış edərək bildirmişdir ki, Azərbaycanın müstəqilliyinin siyasi-hüquqi, sosial-iqtisadi və mənəvi-psixoloji bazası Heydər Əliyev tərəfindən faktiki olaraq XX əsrin 70-80-ci illərində qoyulmuşdur. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir ” sözlərinin müəllifi olan Ümummilli Liderimiz 1978-ci ildə qəbul olunmuş Konstitusiyaya Azərbaycan dilinin dövlət dili kimi ayrıca maddə şəklində salınmasına nail olmuşdur. Bu isə gələcək müstəqil dövlətin atributlarından biri idi.
Qeyd edilmişdir ki, məhz 1969-cu il iyulun 14-dən sonra tariximizin unudulmuş səhifə­lə­­rinin üzə çıxarılması, onları əks etdirən elmi və bədii əsərlərin yazılması, film­lərin çəkilməsi, bütün sahələr üzrə milli kadrların hazırlanması və digər məsələlərlə bağlı böyük iş­lər görülmüş, milli ruhlu ziyalıların fəaliyyəti üçün müvafiq şərait yaradılmışdır. Bütün bunlar gələcəkdə qurulmalı olan müstəqil Azərbaycan Respublikasının ideoloji dayaqlarının formalaşmasına xidmət edirdi.

Elmi-praktik konfransın sonunda iştirakçılar ümummilli lider Heydər Əliyevin həyatına və dövlətçilik fəaliyyətinə həsr olunmuş filmə baxmışlar.