YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə «Müstəqilliyin 25 ili-Müstəqilliyin yaşıdları» mövzusunda konfrans keçirilib

Oktyabrın 15-də  Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə  həsr olunmuş «Müstəqilliyin 25 ili-Müstəqilliyin yaşıdları» mövzusunda konfrans keçirilib. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 18 Oktyabr-Dövlət Müstəqillik Günü münasibətilə konfrans iştirakçıları təbrik edib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə  Prezident İlham Əliyevin Sərəncamını xatırladan Əli Əhmədov bu tarixi hadisənin ölkəmizdə yüksək səviyyədə qeyd olunacağına əminlyini ifadə edib. Baş  nazirin müavini bildirib ki, 18 Oktyabr-Dövlət Müstəqillik Günü Azərbaycan xalqının müasir tarixində ən əlamətdar hadisələrdən biridir. Azərbaycan xalqının 70  il ərzində  iki dəfə dövlət müstəqilliyini elan etdiyini xatırladan Əli Əhmədovun sözlərinə görə, bu, dünya xalqlarının tarixində az rast gəlinən hadisədir. Onun fikrincə, həm 1918-ci ildə, həm də 1991-ci ildə müstəqillyimizin elan olunmasının oxşar cəhətləri var: «İlk növbədə, xalqımız imperiyaların tərkibindən çıxıb, həmçinin hər iki halda ermənilərin torpaq iddiaları ilə üzləşib. Bütün halarda isə xalqımızın qəlbində hər zaman müstəqillik arzusu, ideyaları olub.   1980-ci illərin sonlarında başlanan xalq hərəkatı məhz xalqımızın müstəqillik, azadlıq arzusunun reallaşması uğrunda əzəmətli mübarizəsinin real ifadəsi idi».

Artıq  Azərbaycanın 25 ildir  müstəqil dövlət kimi yaşadığını və inkişaf etdiyini qeyd  edən YAP Sədrinin müavini bu tədbirdə 25 yaşa qədər olan gənclərin iştirakının rəmzi məna daşıdığını vurğulayıb. Tədbirin bu çərçivədə keçirilməsi Azərbaycanın 25 il ərzində keçdiyi yolun əzəmətini və möhtəşəmliyini ifadə edir. O, bildirib ki, bu gənclər məhz müstəqil Azərbaycan Respublikasında dünyaya göz açıb və müstəqil dövlətin   vətəndaşları kimi formalaşıblar: «Onlar məhz müstəqil dövlətin qanunları, prinsipləri ilə yaşayır, yüksək vətənpərvərlik ruhunda böyüyürlər və müstəqiliyimizin qorunması üçün hər bir fədakarlığa hazırdır».

Əli Əhmədov həmçinin qeyd edib ki,  25  illik müstəqilik tariximizi üç mərhələyə ayırmaq mümkündür. Birincisi, 1991-1993-cü illər, ikincisi, Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər, üçüncüsü isə Prezident İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdür. YAP Sədrinin müavini diqqətə çatdırıb ki, müstəqilliyimizin birinci mərhələsində ölkəmizdə xaos, anarxiya hökm sürürdü ki, bu da Azərbaycanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Əgər xalqın tələbi ilə Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyun ayında hakimiyyətə qayıtmasaydı, xalqımızın və dövlətimizin taleyi sual altında olardı.

Əli Əhmədov bildirib ki, Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddətdə ölkəmizdə ictimai-siyasi sabitliyi bərpa etdi, iqtisadi tənəzzülün qarşısı alındı və respublikanın inkişaf strategiyası müəyyən olundu: «1994-cü ildə «Əsrin müqaviləsi»nin imzalanması isə ölkəmizin inkişafının əsaslarının qoyulmasında müstəsna əhəmiyyət kəsb etdi və xalqımız öz sərvətlərinin  sahibi oldu. Eləcə də, ilk milli Konstitusiyanın  qəbul olunması böyük əhəmiyyət kəsb etdi. Həmçinin, torpaq islahatlarının  reallaşması ilə  insanlar öz torpaqlarının sahibinə çevrilərək mülkiyyət sahibi oldular. Bütün bunlar Heydər Əliyevin siyasəti nəticəsində müstəqilliyin iqtisadi, siyasi əsaslarını, dövlətçilik əsaslarını yaratmış oldu».   Onun sözlərinə görə, məhz Heydər Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində müstəqilliyimizin dönməzliyi təmin olundu.

Azərbaycanın məhz Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında inkişaf etdiyini deyən Əli Əhmədov bu gün Prezident İlham Əliyevin bu siyasəti    uğurla davam etdirdiyini diqqətə çatdırıb. O deyib ki, bu dövr dövlət müstəqillyinin iqtisadi, siyasi və digər əsaslarının çox ciddi şəkildə möhkəmlənməsi ilə müşaiyət olunub. Baş nazirin müavini qeyd edib ki, 2003-cü ildən keçən dövr ərzində ölkə iqtisadiyyatı dəfələrlə inkişaf edib, ölkəmizin siması dəyişib, modernləşib,  Azərbaycan regionun lider dövlətinə çevrilib, respublikamızın beynəlxalq müstəvidə mövqeyi möhkəmlənib. «Bütün bunların hamısı Azərbaycanın dövlət müstəqilliyinin ciddi şəkildə möhkəmlənməsi və inkişaf etməsi anlamını ortaya qoyur. Bu gerçəklik daha güclü təməllər üzərində özünü ifadə edir.  Azərbaycanın dövlət müstəqilliyinin elə bir möhkəm təməli yaradılıb ki,  Azərbaycan dövləti bu təməl üzərində müstəqil dövlət olaraq uzun illər yaşayacaq və xalqımız bu müstəqilliyin bəhrələrini dərk edəcək».

Qazanılan uğurlarla yanaşı öllkəmizin qarşısında gələcək hədəflərin də dayandığını deyən Əli Əhmədov ölkəmizin iqtisadiyyatının daha da güclənməsinin,  əhalinin rifah halının daha da  yüksəlməsinin, Azərbaycanın regionda və beynəlxalq miqyasda mövqelərinin daha da gücləndirilməsinin qarşıda dayanan əsas vəzifələr sırasında olduğunu vurğulayıb.  Onun fikrincə, bütün bunlar müstəqilliyimizin əbədiyaşar olması üçün önəmlidir: «Yeni iqtisadi modelin ortaya qoyulması, yeni islahatların həyata keçirilməsi  isə ölkəmizin gələck inkişafı üçün çox etibarlı zəmin olacaq. Beləliklə, Azərbaycan ötən 25 ildə böyuk inkişaf mərhələsi keçib və  bu dövr Azərbaycan tarixinin «qızıl əsri» hesab oluna bilər. Bir çox xalqlar öz tarixlərində «qızıl əsr» tapa bilmir. Amma Azərbaycan xalqının «qızıl əsri» bizim yaşadımız bugünlərdir. İnanıram ki, bu «qızıl əsr» uzun illər davam edəcək, Azərbaycan vətəndaşlarına xidmət edəcək, iqtisadiyatımız daha da inkişaf edəcək, daha möhtəşəm nailiyyətlər əldə edəcək, insanlarımız müstəqil dövlətin verdiyi bütün imkanlardan daha geniş və faydalı şəkildə istifadə edəcəklər». Əli Əhmədov   əmin olduğunu bildirib ki, gələcəkdə xalqımız daha möhtəşəm uğurlar qazanacaq, qarşıdakı illərdə Azərbaycan öz dövlət müstəqilliyini yeni-yeni naliyyətlərlə, daha güclü Azərbaycanla  qeyd edəcək.

Daha sonra konfransda çıxış edən YAP Gənclər Birliyi ofisinin koordinatoru Əli Qənbərli   bildirib ki,  25 il bundan əvvəl Azərbaycan xalqı iradə nümayiş etdirərək, öz mənəvi haqqı olan müstəqilliyi əldə etdi. Müstəqilliyin əldə edilməsi ilə Azərbaycan xalqının ruhunda mənəvi dirçəliş, oyanış baş verdi. Onun sözlərinə görə, qət etdiyimiz 25 illik müstəqillik yolu ölkəmiz üçün olduqca məhsuldar olub: «Əsrin dörddə birinə bərabər olan bu zaman ərzində Azərbaycanın inkişafının təməl pillələri qoyulub. Siyasi, iqtisadi, mədəni, idman kimi sahələrdə əldə edilən uğurlar ölkəmizə dünya miqyasında böyük şöhrət qazandırıb. Bu illər ərzində ölkəmizdə dövlət quruculuğu, dövlət vətəndaş münasibətləri yüksələn xətlə inkişaf edib, müxtəlif sahələrdə beynəlxalq təcrübə öyrənilib,  sivil cəmiyyət qurulması istiqamətində mühüm işlər görülüb. Bu dövrdə həmçinin uğurlu dövlət gənclər siyasəti həyata keçirilib. Bu siyasətin nəticəsidir ki, bu gün dünyanın hər yerindən müstəqil Azərbaycan gənclərinin sədaları gəlir.Hər bir gənc bacardığı sahədə ölkəmizin adını uca tutmağa çalışır».

YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin üzvü Günay İmanova isə qeyd edib ki, Ulu öndər Heydər Əliyevin adı təkcə Azərbaycanın müstəqilliyinin xilaskarı kimi yox, həm də müasir Azərbaycan dövlətinin banisi və qurucusu kimi tarixə qızıl hərflərlə yazılıb: «Azərbaycanın dövlət müstəqilliyini bütün varlığı ilə sevən və uca tutan Ulu öndər Heydər Əliyev onu daim yüksək qiymətləndirib, "Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir", - demişdir! Və bu gün cəmi 25 yaşını qeyd edən lakin yaşının qat–qat üstündə uğurlara imza atan Azərbaycanın vətəndaşı olmaqdan qürur duyan yüz minlərlə gənc var». G.İmanova deyib ki, Azərbaycanın tutduğu inkişaf yolu Ulu öndərimizin 25 il əvvəl xilaskarlıq missiyasını üzərinə götürməklə başlanıb: «Bu yol Müstəqillik yoludur. Müstəqillikdən başlanan yol mühüm uğurlarla zənginləşərək gələcəyə doğru davam edir. Azərbaycan bu mərhələləri böyük əziyyətlər, zəhmətlər bahasına olsa da keçib. Artıq 25 ildir ki, müstəqillik yolu ilə addımlayırıq. Dövlət başçısı cənab İlham Əliyevin müəyyən etdiyi strateji istiqamət əsasında Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub».

 Çıxış edən YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin üzvü, 2016-cı ildə ali məktəbə 700 bal toplayaraq qəbul olmuş Elvin İsayev öncə təhsil sahəsində qazandığı uğura görə dövlət başçısına təşəkkür edib. O deyib ki, məhz təhsilə yüksək dövlət qayğısı nəticəsində gənclərimiz bu sahədə böyük uğurlara imza atırlar. E.İsayev bildirib ki, bu gün hər gəncin borcu müstəqil dövlətimizi qorumaqdır: «Mövqeyimiz radikal-ekstremist qüvvələrin təxribat xarakterli təşəbbüslərini rədd etmək, dövlətçiliyimizi, ailələrimizi müdafiə etməkdir. Biz gənclər çalışmalıyıq ki, anti-Azərbaycan qüvvələrinin, onların ölkəmizdəki “beşinci kolon”unun toruna düşməyək. Bu səbəbdən də, hər birimiz dövlətimizə, vətənimizə qarşı çıxanlara, ona qara yaxmağa çalışanlara həm real, həm də virtual aləmdə, elə sosial şəbəkələrdən də cavablarını verməliyik. Vətənin pisi və yaxud yaxşısı olmur. Vətən elə Vətəndir və onu qorumaq biz gənclərin müqəddəs borcudur. Bu salonda nəsillərin vəhdəti var. Müstəqillik uğurunda mübarizənin canlı şahidləri və onu kitablardan öyrənən nəsilin nümayəndələri, Ulu öndərlə canlı təmasda olanlar və dahi Heydər Əliyevi əfsanə kimi görənlər. Nəsillərin ziddiyyəti yox, vəhdəti var. Bu vəhdət Heydər Əliyev yolu - İlham Əliyev Liderliyidir. Bu vəhdət Yeni Azərbaycan Partiyasıdır. Biz gənclər tam əminik ki, yalnız bu vəhdət bizi yeni möhtəşəm qələbələrə aparacaq. Məhz xalq – iqtidar vəhdəti liderimiz, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Qarabağımızı azadlığa qovuşduracaq».

 YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin üzvü Leyla Quliyeva çıxışında qeyd edib ki, Yeni Azərbaycan Partiyasının ətrafında ordu kimi sıx birləşən gənclər olaraq, bundan sonra da Azərbaycanımızın ictimai-siyasi, sosial-mədəni həyatında daha fəal iştirak edəcək, qarşımızda duran vəzifələrimizi yerinə yetirəcəyik:  «Əldə olunan uğurları şərtləndirən mühüm amillərdən biri Yeni Azərbaycan Partiyasın mövcudluğudur. Yeni Azərbaycan Partiyası demək olar ki, müstəqilliyimizlə həmyaşıdır və dövlətin üzərinə düşən ağır yükü çiynlərində daşıyan çoxmilli orduya sahibdir. Onun nəticəsidir ki, ötən illər ərzində keçirilən 5 prezident, 4 bələdiyyə, 4 parlament və 3 referendum seçkilərində YAP namizədləri və təklif olunan əlavə və dəyişikliklər möhtəşəm qələbə qazanıb». O deyib ki, Azərbaycan bizim doğma evimizdir: «Biz onu qorumalı və inkişaf etdirməliyik! Müstəqil Vətənində özün olaraq addımlamaq, milli mənsubluğundan duyduğun qüruru sözdə və əməldə yaşamaq, “Mən Müstəqil Azərbaycan Respublikasının azad vətəndaşıyam” deyə bilmək xoşbəxtlikdir».

YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədri Kənan Kərimov bildirib ki, müstəqil Azərbaycanı yeni-yeni uğurlara aparan güclü liderimiz var: «Bayraqlar içində bayrağımızı, imzalar içində imzamızı qoruyan rəhbərin ətrafında birləşmişik. Bu gün burdayıq, amma bir sabah Ali Baş Komandanımızın əmri ilə Qarabağın azadlığı uğrunda mübarizəyə hazırıq».

YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin üzvü Gülnar Xəlilova bildirib ki, müstəqil Azərbaycan beynəlxalq müstəvidə böyük uğurlar qazanır, eləcə də, nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir: «Bu gün dünyanın möhtəşəm idman saraylarında,konsert və iclas salonlarında üçrəngli ay-ulduzlu bayrağımızın dalğalandığını görəndə, əzəmətli himnimizin səsləndiyini eşitdikdə hər birimiz qürur hissi keçirir və qəlbimizdə həmvətənlərimizə qarşı böyük rəğbət və məhəbbət oyanır. Mən də müstəqil dövlətin bir gənci kimi bu gün vətənimə olan borcumu oxumaqla, sabah sizə müstəqil Azərbaycanın mədəni-siyasi həyatının müxtəlif sahələrində çalışmaqla verəcəyəm!».

Qeyd edək ki, tədbir bədii hissə ilə davam edib. Tanınmış gənc  sənət adamları da müstəqil Azərbaycanın keçdiyi 25 illik yol haqqında fikirlərini bildiriblər. Elton Hüseynəliyev bildirib ki, müsəqilliymiz bərpası Azərbaycan xalqı üçün yeni üfüqlər açdı: «Hər bir vətəndaş bu müstəqillikdən bəhrələnir».

Aysel Əlizadə isə deyib ki, ötən 25 ildə ildə bütün sahələrdə inkişpaf baş verib: «Bu dövrdə sənət adamlarına da yüksək dövlət qayğısı göstərilib».

Digər sənətçi Günay İbrahimova da səslənən fikirlərə qoşulub və xalqımızın ən böyük arzusunun torpaqlarımızın işğaldan azad edilməsinin olduğunu deyib: «Əminik ki, Prezidentimizin rəhbərliyi ilə Qarabağımız işğaldan azad ediləcək və biz həmin torpaqlarda da bayram tədbirlərini yed edəcəyik».

Babək Niftəliyev isə bildirib ki, müstəqillik hər bir vətəndaşımızın böyük uğurudur.