YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də müasir mütəşəkkil ordunun yaranmasıdır

Müdafiə Nazirliyi və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Horadiz şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 45-ci ildönümü münasibətilə yerli əhali və ordu nümayəndələrinin iştirakı ilə “Heydər Əliyev ideyalarına sadiqlik!” devizi altında kütləvi mərasim keçirilib.

Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsi rəisinin müavini, Əməkdar İncəsənət xadimi, polkovnik Abdulla Qurbani tədbiri açaraq Ulu Öndərin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlişi ilə respublikamızda yeni eranın başlandığını, ölkəmizin intibah dövrünə qədəm qoyduğunu deyib. Məhz bugünkü güclü və qüdrətli Silahlı Qüvvələrimizin yaranmasının təməlinin də həmin dövrdə qoyulduğunu qeyd edən polkovnik onu da bildirib ki, 70-ci illərin əvvəllərində ümummilli lider Heydər Əliyev Azərbaycanın gələcəkdə müstəqilliyə qovuşacağını əvvəlcədən görərək müstəqilliyin təminatçısı olan Silahlı Qüvvələrin zabit korpusunun yaranması qayğısına da qalıb və indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin əsasını qoyub. Dahi rəhbər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusu olmaqla yanaşı, həm də bugünkü Azərbaycan Silahlı Qüvvələrinin baş memarıdır. Prezident, Ali Baş Komandan İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də müasir mütəşəkkil ordunun yaranmasıdır.

Polkovnik A.Qurbani daha sonra deyib ki, hazırda ordu quruculuğu məsələləri dövlətimizin başçısının fəaliyyətində prioritetdir və bu iş uğurla davam etdirilir.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev də 1969-cu ildən başlanan tarixi missiyanın ölkəmizin, xalqımızın və millətimizin həyatında və taleyində mühüm rol oynadığını bildirib. O, böyük qürur hissi ilə qeyd edib ki, Azərbaycan ordusu məhz bu bölgədə, ön səngərdə ilk dəfə olaraq ümummilli lider Heydər Əliyevin timsalında öz Ali Baş Komandanını görmüş, o dahi şəxsiyyətdən, qətiyyətli sərkərdədən xeyir-dua alaraq torpaqların işğaldan azad olunması uğrunda müqəddəs döyüşlərə atılıb. Bu gün yaşıllıqlara qərq olmuş və gündən-günə çiçəklənən Horadiz böyük xilaskarın sayəsində düşmən tapdağından azad edilib və xarabalıqlar üzərində müasir şəhər salınıb. Bütün xalqımız kimi füzulilər də dahi rəhbər Heydər Əliyevin ideyalarına sadiqdirlər və hər an Ali Baş Komandanın əmrlərinə hazırdırlar.

Milli Məclis sədrinin müavini Bahar Muradova da Ulu Öndərimizin nəsillərə nümunə həyatından, Vətən qarşısında misilsiz xidmətlərindən, ordu ilə xalqın monolit birliyindən söhbət açıb və Azərbaycan Silahlı Qüvvələrində son vaxtlarda aparılan islahatların Heydər Əliyev ideyalarına sadiqliyin bariz nümunəsi olduğunu bildirib.

Tədbirin sonunda Silahlı Qüvvələrin mahnı və rəqs ansamblı geniş konsert proqramı ilə çıxış edib.