YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

İlham Əliyev: Biz Dağlıq Qarabağa müstəqillik verilməsinə heç vaxt razı olmayacağıq və erməni tərəfi bunu çox gözəl bilir

Biz Dağlıq Qarabağa müstəqillik verilməsinə heç vaxt razı olmayacağıq və erməni tərəfi bunu çox gözəl bilir.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova “Sputnik Azerbaydjan” üçün müsahibəsində deyib.

Prezident İlham Əliyev qeyd edib ki, kompromis deyəndə nə nəzərdə tutulduğunu və hansı tərəfin onu necə yozduğunu dəqiq anlamaq lazımdır: “Nə etmək lazım olduğunu demək üçün nə baş verdiyini bilmək lazımdır: əgər tarixi götürsək, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, həmişə belə olub. Biz erməni əhalinin İrandan, şərqi Anadoludan bu torpaqlara kütləvi şəkildə köçürülməsinin tarixini bilirik. Bütün tarix, bütün toponimlər, o cümlədən Qarabağ sözünün özü də Azərbaycan mənşəlidir. Sovet illərində orada artıq köçürülmüş erməni əhali olması ilə əlaqədar muxtar vilayət yaradılmışdı, bu, heç respublika da deyildi, onun Ermənistanla inzibati sərhədi yox idi və hər şey normal idi, həyat öz axarı ilə gedirdi, ciddi problemlər yox idi. Sosial-iqtisadi inkişaf səviyyəsinə görə Dağlıq Qarabağ Azərbaycanın bir sıra başqa regionlarını qabaqlayırdı, yəni, oraya diqqət yetirilməməsi barədə danışmaq ədalətsizlik olardı. Xüsusən ona görə ki, bu cür muxtariyyətlərə mərkəzi hakimiyyət orqanları da xüsusi münasibət bəsləyirdi. Lakin Sovet İttifaqının dağılması ərəfəsində orada separatçı meyillər üstünlük təşkil etdi, bütün bunlar qan tökülməsi ilə nəticələndi. Azərbaycanlıları əvvəlcə Dağlıq Qarabağdan qovdular, orada təxminən 30 faiz azərbaycanlı vardı. Sonra Azərbaycanın Dağlıq Qarabağa heç bir aidiyyəti olmayan yeddi rayonunu işğal etdilər, həmin rayonlarda yalnız azərbaycanlı əhali yaşayırdı, orada hər şey dağıdıldı. ATƏT oraya iki dəfə faktaraşdırıcı missiya göndərdi, onların hesabatı lap dəhşətlidir: orada bircə bina da salamat qalmayıb, qəbiristanlıqlar, məscidlər hamısı yerlə yeksan edilib. Dağlıq Qarabağ hüdudlarındakı ərazilərdən 750 min, Dağlıq Qarabağdan 40 mindən çox, Ermənistandan 200 mindən artıq azərbaycanlı qovulub. 1993-cü ildə yoxsul ölkədə 1 milyon qaçqın vardı”.

İlham Əliyev əlavə edib ki, praktiki olaraq bütün beynəlxalq təşkilatlar düzgün qətnamələr qəbul edib: “BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində erməni işğalçı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılması tələb edilir. Lakin 20 ildən çoxdur ki, bu qətnamələr icra edilmir. Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı – hamısının mövqeyi identikdir: beynəlxalq hüquq bizim tərəfimizdədir. Ermənistan da daxil olmaqla, dünyanın heç bir ölkəsi Dağlıq Qarabağı tanımır. Bütün bunlar belədir, lakin məsələ həll edilmir. Bunun nə üçün həll edilməməsinin əsas səbəbi odur ki, Ermənistan həll olunmasını istəmir. Çünki həll etmək nə deməkdir? – Həll etmək Ermənistanın zəbt etdiyi ərazinin işğaldan azad olunması deməkdir. Ermənilər bunu etmək istəmirlər, onlar status-kvonu dəyişməz saxlamaq istəyirlər. Hərçənd nizamlanma ilə məşğul olan Minsk qrupunun həmsədr ölkələri - Rusiya, ABŞ və Fransa – bu ölkələrin prezidentləri şəxsində dəfələrlə deyiblər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Lakin təəssüf ki, məsələ bu cür bəyanatlardan uzağa getmir”.

Prezident bildirib: “Biz münaqişənin həllini necə görürük: əlbəttə, Azərbaycanın ərazi bütövlüyü diskussiya mövzusu deyil və ola da bilməz. Biz Dağlıq Qarabağa müstəqillik verilməsinə heç vaxt razı olmayacağıq və erməni tərəfi bunu çox gözəl bilir. Lakin ağlabatan kompromis mümkündür: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan tərəfindən investisiya layihələrinin həyata keçirilməsi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənardakı ərazilərin azad edilməsi şərti ilə iki xalq arasında dinc qarşılıqlı fəaliyyət - biz münaqişənin nizamlanmasına belə görürük. Bu, bizim hazırda üzərində işlədiyimiz və vasitəçilərin irəli sürdüyü təkliflərlə həmahəngdir. Lakin münaqişənin nəyə görə nizamlanmamasının əsas səbəbi odur ki, Ermənistan artıq 24 ildir, Minsk qrupu yaradıldığı andan danışıqlar prosesinin azacıq da olsa irəliləməsinə müxtəlif yollarla mane olur. Bizim mövqeyimiz belədir ki, insanlar harada yaşayırdısa, orada da yaşamalıdırlar. Çünki onlar həmin yerlərdə çoxdan yaşayırdılar - erməni əhalisi 200 il, azərbaycanlı əhali isə çox-çox əvvəl. Lakin məsələ hətta bunda da deyil. Məsələn, Şuşada əhalinin 95 faizi azərbaycanlılar idi. Onların hamısı oradan qovulub. Onların evləri ya zəbt edilib, ya da dağıdılıb. İndi onların evlərində başqaları yaşayırlar. Buna son qoymaq lazımdır. Dağlıq Qarabağın erməni əhalisi orada necə yaşayırdısa, qoy yaşasın, biz bunun əleyhinə deyilik. Bəs Ermənistan bu münaqişədən nə qazanıb? Bəli, bir milyon azərbaycanlıya əzab-əziyyət verilib. Lakin məgər onlar özləri buna görə daha da xoşbəxt olublarmı? Məgər orada vəziyyət daha təhlükəsiz, daha firavan olub? Əlbəttə, yox. Azərbaycanla münasibətlər normallaşdırılmadan bu regionda inkişaf ola bilməz, onlar daim müəyyən təzyiq altında yaşayacaqlar, fikirləşəcəklər ki, birdən nə isə ola bilər. Biz regionda sülh istəyirik və bizim mövqeyimiz kifayət qədər konstruktivdir. Lakin biz öz ərazilərimizi istəyirik. Ermənistan sülh istəyir, amma o, özgə ərazilərini qaytarmaq istəmir. Fərq, bax, bundadır. Sözsüz, biz bundan artıq kompromis təqdim edə bilmərik. Artıq dediyim kimi, Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromis ola bilməz, lakin yerli özünüidarə, Dağlıq Qarabağın özünüidarəsi məsələlərinə dair kompromis ola bilər. Əgər razılığa gəlsək, bu, gələcəkdə muxtar respublika ola bilər. Ermənistan rəhbərliyi bunu çox yaxşı bilir, sadəcə onlar ictimai rəylə manipulyasiya edir, düşmən obrazı yaradır, danışıqlar prosesinin mahiyyətini təhrif edir, məsələni elə təqdim edirlər ki, guya Azərbaycan erməni əhalini az qala məhv etmək və ya qovmaq istəyir. Bu, belə deyil”.

“Real danışıqların nə vaxt başlana biləcəyi barədə oriyentirlər varmı, hansısa yol xəritəsini təsəvvür etmək olarmı, indi bu iş necə görülür? Hansısa zaman mərhələlərini göstərmək olarmı?” sualına cavab verən İlham Əliyev deyib ki, bu, bizdən asılı deyil: “Hər şey mənim dediklərimə gəlib çıxır. Danışıqlar formatı var, danışıqlar aparılır, Ermənistan hər vasitə ilə buna mane olur. Müəyyən mərhələdə elə şərtlər irəli sürür ki, onların bizim üçün qeyri-məqbul olduğunu dəqiq bilir. Buna görə də danışıqlar yenidən non-stop olur. Nə üçün? Çünki həll etmək istəmirlər, ya bacarmırlar, hansısa daxili siyasi səbəblərə görə cəsarətləri çatmır, ya da istəmirlər. Bəlkə də hər iki səbəbdən. Vasitəçilər, dünyanın aparıcı ölkələri, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri bizə deyirlər: məsələni sülh yolu ilə həll etmək lazımdır”.