YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniya şirkəti Azərbaycan ərazisindən keçən dəhlizlə yükdaşımalar həyata keçirməkdə maraqlıdır

Alman şirkətinin nümayəndələri Azərbaycan ərazisindən keçən dəhlizdən istifadə edərək, Asiya ilə Avropa arasında yükdaşımalar həyata keçirməkdə maraqlı olduqlarını bildiriblər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən bildirilib ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasında səfəri zamanı Çinin Şanxay şəhərində Azərbaycan dəmiryolçuları ilə Almaniyanın məşhur nəqliyyat-loqistika şirkəti olan DHL-in bir qolu sayılan “DP DHL global forwarding” kompaniyasının nümayəndələri arasında keçirilən görüş zamanı deyilib.

Danışıqlarda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “DP DHL global forwarding” şirkətinin Şanxay bölgəsinin rəhbəri Allen Chen və digər rəsmi şəxslər iştirak ediblər.

Söhbət zamanı, ümumilikdə Şərq-Qərb marşrutu və onun tərkib hissəsi olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı, perspektivləri və yüklərin cəlb olunması məsələləri müzakirə olunub. Alman şirkətinin nümayəndələri Azərbaycan ərazisindən keçən dəhlizdən istifadə edərək, Asiya ilə Avropa arasında yükdaşımalar həyata keçirməkdə maraqlı olduqlarını bildiriblər. Qeyd edilib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tərkib hissəsi olan, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildikdən sonra, bu nəqliyyat dəhlizi ilə yükdaşımaların həcmi dəfələrlə artacaq, Asiya ölkələri ilə Avropa arasında yükləri çatdırılma vaxtı qısalacaq. Görüşdən sonra, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və onu müşayiət edən rəsmi şəxslər “DP DHL global forwarding” kompaniyasının Şanxaydakı yük anbarlarına baş çəkərək, şirkətin iş prinsipləri ilə tanış olaraq, burada cəmləşdirilən yüklər, onların həcm və tərkibi haqda məlumatlar əldə ediblər.

Qeyd edək ki, Almaniyanın DHL şirkətinin ümumilikdə dünya üzrə 220 ölkədə nümayəndəliyi, ofisi və 500 mindən artıq əməkdaşı var, dünyada ilk 10 işəgötürənlərin siyahısında yerləşib, 1 saat ərzində 1 milyon müştəriyə xidmət göstərir, Çində 500 min kvadratmetr anbar sahəsinə malikdir.

Bu vaxta kimi, DHL Azərbaycandan keçməklə 5 sınaq qatarı yola salıb. 2015–ci il noyabrın 29-da Çinin Lianyungang limanından ilk test qatarı, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsi ilə Türkiyənin Manisa şəhərinə yola salınıb. Bu il iyul ayının 9 və 31-də, həmçinin avqustun 20-də və sentyabrın 6-da isə Çindən ardıcıl olaraq 4 blok qatarının nəqli həyata keçirilib.