YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı-Tbilisi-Qars dəmir yolunda Azərbaycan istehsalı olan transformatorlardan istifadə ediləcək

İyulun 17-də İqtisadiyyat və Sənaye Nazirliyinin təşəbbüsü ilə reallaşan infotur çərçivəsində bir qrup media işçisi paytaxtın Suraxanı rayonundakı ATEF Şirkətlər Qrupu MMC-də olub.

Bu müəssisə 1961-ci ildə yaradılmış Bakı Transformator Zavodunun bazasında qurulub. Hazırda şirkətlər qrupuna elektrik avadanlıqları istehsalı ilə məşğul olan “ATEF Elektromaş”, “ATEF Transformator”, həmçinin iri qabaritli transformator və metalkonstruksiya zavodları daxildir. Bu zavodlarda geniş çeşiddə elektrik avadanlıqları, o cümlədən yağ transformatorları, komplekt transformator yarımstansiyaları, mayesiz transformatorlar, ən mürəkkəb metal konstruksiyalar, modul tipli yarımstansiyalar, paylayıcı qurğular istehsal edilir. Müəssisənin məhsulları Rusiya, Ukrayna, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Moldova, Gürcüstan, Bolqarıstan və Afrika ölkələrinə ixrac edilir. Burada Almaniya, Türkiyə, İsveçrə və digər ölkələrin avadanlıqları quraşdırılıb və 1200 nəfər işlə təmin olunub.

İri qabaritli transformator zavodunun direktoru Eldar Abbasov bildirdi ki, ilin sonunadək müəssisənin tam gücü ilə işləməsi təmin olunacaq. Hazırda xarici ölkələrdə yerli mütəxəssislər hazırlanır. Zavodda gücü 630 KVA-dan 500 MVA-dək olan 120-450 tonluq transformatorlar istehsal ediləcək.

“MDB məkanında bu gücdə və qabaritdə transformator istehsal edən ikinci zavod yoxdur. Bizim transformatorlardan Bakı-Tbilisi-Qars dəmir yolu xəttində də istifadə ediləcək. Artıq bəzi xarici ölkələr zavodun məhsullarına indidən böyük maraq göstərirlər”,- deyə E.Abbasov vurğuladı.