YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Türk Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VI görüşü keçirilib

2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələr ilə ticarət dövriyyəsinin həcmi 1,9 milyard dollar təşkil edib. Azərbaycan tərəfindən Türkiyəyə yatırılan investisiyaların məbləği 8 milyard dollar, Qazaxıstana isə 190 milyon dollar olub. Türkiyənin Azərbaycana investisiyaları 10 milyard ABŞ dolları, Qazaxıstanın isə ölkəmizə yatırdığı sərmayələr 67 milyon ABŞ dolları təşkil edir.

Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev dekabrın 21-də Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərinin iqtisadiyyat nazirlərinin VI görüşündə deyib.

Artıq ikinci dəfədir ki, Bakıda təşkil olunan tədbirə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan) iqtisadiyyat nazirləri, ümumilikdə həmin ölkələrdən 50-dən çox iştirakçı qatılıb.

Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında iqtisadi əlaqələrə, əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ildə Naxçıvanda keçirilmiş IX sammitində imzalanan Naxçıvan Sazişi ilə əsası qoyulmuş Türk Şurası çərçivəsində bu gün ölkələrimiz bütün sahələrdə, xüsusilə siyasi, ticarət, iqtisadi və mədəni-humanitar sahələrdə uğurla əməkdaşlıq edir, bir-birinə dəstək olurlar.

İqtisadiyyat nazirlərinin bugünkü görüşünün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti Zirvə Toplantısına hazırlıq məqsədilə keçirildiyini xatırladan iqtisadiyyat naziri diqqətə çatdırıb ki, siyasi əlaqələrimizin güclənməsinə xidmət edən Parlament Assambleyası, üzv-dövlətlər arasında əməkdaşlığın və anlaşmanın inkişafını təmin edən Ağsaqqallar Şurası, biznes dairələri arasında əməkdaşlıq platformasının yaradılmasına təkan verən Biznes Şurası, mədəni əlaqələrimizin inkişafına böyük töhfə verən TÜRKSOY kimi müxtəlif qurumlar ortaq din, dil və mədəni köklərə malik ölkələrimizin daha dayanıqlaşmasına geniş zəmin yaradır. Bundan başqa, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu kimi təşəbbüslər mədəniyyətimiz, tariximiz və milli dəyərlərimizin beynəlxalq aləmdə tanınmasını təşviq edir.

Şahin Mustafayev ölkələrimiz arasında çoxşaxəli iqtisadi əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini qeyd edib. Bu əlaqələrin inkişafı ölkələrimiz arasında yüksək səviyyəli siyasi münasibətlərlə bərabər, həm də müvafiq müqavilə-hüquq bazasının olmasından irəli gəlir. Türk Şurası çərçivəsində artıq investisiya təşviqi, investisiya mühiti, investisiya statistikası və kiçik və orta sahibkarlıq sahələri üzrə anlaşma memorandumları, ikitərəfli qaydada isə 300-dən çox sənəd imzalanıb. Bundan başqa, birgə hökumətlərarası komissiyalar, Türkiyə ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası və digər ikitərəfli qurumlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilir, mühüm qərarlar qəbul edilir.

Azərbaycanın türkdilli dövlətlərlə ticarət, investisiya əməkdaşlığının, iş adamları arasında əlaqələrin inkişafına və genişləndirilməsinə önəm verir. Bildirilib ki, 2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türk Şurasının üzv ölkələr ilə ticarət dövriyyəsinin həcmi 1,9 milyard dollar təşkil edib. Azərbaycan tərəfindən Türkiyəyə qoyulan investisiyaların məbləği 8 milyard dollar, Qazaxıstana isə 190 milyon dollar olub. Türkiyənin Azərbaycana investisiyaları 10 milyard ABŞ dolları, Qazaxıstanın isə ölkəmizə yatırdığı sərmayələr 67 milyon ABŞ dolları təşkil edir.

Azərbaycan və Qırğızıstan arasında da investisiya əməkdaşlığını genişləndirmək üçün imkanlar genişdir. Ümumilikdə, Türk Şurası ölkələrinin Azərbaycanda 2700-dən çox şirkəti fəaliyyət göstərir. Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli qaydada 300-dən çox tədbir keçirilib.

Nazir Şahin Mustafayev qeyd edib ki, yeni və strateji əhəmiyyət kəsb edən əməkdaşlıq istiqamətlərindən biri də ölkələrimizin tranzit potensialından səmərəli istifadə olunması ilə bağlıdır. Bu baxımdan “Cənub Qaz Dəhlizi” bu gün dünya miqyasında ən böyük enerji layihələrindən biridir və qardaş türkdilli ölkələr üçün tranzit imkanları yaradır.

Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, sosial-iqtisadi sahədə əldə edilən nailiyyətlər, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin möhkəmləndirilməsi istiqamətində görülən tədbirləri diqqətə çatdıran Şahin Mustafayev Türk Şurası ölkələri ilə ticarət, investisiya, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikirlərini bölüşüb. Qeyd edilib ki, əgər Türkiyə, Qazaxıstan və ya Qırğızıstanın idxal etdiyi hər hansı məhsul Azərbaycanın ixrac məhsulları siyahısında mövcuddursa, həmin məhsullar Azərbaycandan idxal edilə bilər və ya əksinə. Qardaş ölkələr idxal etdikləri meyvə və tərəvəz və onlardan emal olunan məhsulları, çay, şəkər, şərablar və spirtli içkilər, kimya və sənaye məhsullarını Azərbaycandan ala bilər. Eyni zamanda, Azərbaycan öz idxalında türkdilli ölkələrdən ixrac olunan məhsullara üstünlük verə bilər. Ölkələrimizin bir-birinə qarşılıqlı investisiya yatırması üçün də böyük imkanlar var. Artıq Qazaxıstan və Türkiyə ilə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə Koordinasiya Komitəsi çərçivəsində əməkdaşlıq edirik. Ölkələrimizdən keçən tranzit marşrutlarına üstünlük verilməsi və tranzit yükdaşımalarının həcminin artırılması üçün digər türkdilli ölkələrdə də oxşar addımlar atıla bilər. Turizmin inkişafı üçün də geniş imkanlar mövcuddur. Ölkələrimiz arasında turist axınının artırılması istiqamətində tədbirlər görülməsi üçün birgə şirkətlərin yaradılmasına, qarşılıqlı turizmin təşviq edilməsinə ehtiyac var.

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci görüşün türkdilli dövlətlərin dostluğunun və əməkdaşlığının daha bir nümunəsi olduğunu, ölkələrimizin ortaq dilə, dinə və mədəniyyətə malik olduğunu qeyd edib. Nihat Zeybekci Türkiyə iqtisadiyyatı, üzv ölkələr arasında mövcud iqtisadi və ticarət əlaqələrinin daha da genişləndirilməsi imkanları barədə məlumat verib və bugünkü görüşün türkdilli dövlətlər arasında iqtisadi əməkdaşlığın inkişafında əhəmiyyətli olacağını bildirib. Nihat Zeybekci, həmçinin ticarət, turizm, gənclər, idman və s. sahələrdə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Qazaxıstanın milli iqtisadiyyat nazirinin müavini Aydar Arifxanov ölkəsinin şuranın fəaliyyətini dəstəklədiyini və qurumun ölkələrimiz arasında əlaqələrin genişlənməsində əhəmiyyətini qeyd edib. Qazaxıstanın iqtisadiyyatı, biznes və investisiya imkanları, nəqliyyat və tranzit potensialı barədə məlumat verən Aydar Arifxanov türkdilli ölkələri Qazaxıstanın tranzit imkanlarından faydalanmağa, ölkəsində birgə müəssisələr yaratmağa, ticarət əlaqələrini genişləndirməyə dəvət edib, Türk Şurasının əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli platforma olduğunu vurğulayıb.

Qırğızıstanın İqtisadiyyat Nazirliyinin stats-katibi xanım Ayday Kurmanova ölkəsinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında yaxından iştirak etdiyini, üzv ölkələrin birgə səyi nəticəsində əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib. Türk Şurası ölkələri arasında müxtəlif sahələrdə əməkdaşlıq, Qırğızıstan iqtisadiyyatı barədə məlumat verən xanım Ayday Kurmanova türkdilli ölkələrin Qırğızıstana investisiya yatırdığını, iqtisadiyyatın müxtəlif sahələrində iştirak etdiklərini bildirib. Ayday Kurmanova bugünkü görüşün türkdilli ölkələr arasında münasibətlərin təhlil olunması və əlaqələrin dərinləşdirilməsinə imkan yaratdığını diqqətə çatdırıb.

Türk Şurasının Baş katibi Ramil Həsənov çıxışında təşkilatın fəaliyyəti, görülən işlər barədə məlumat verib, türkdilli ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinə dair təkliflər səsləndirib. Qeyd olunub ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Azərbaycanın Ələt və Qazaxıstanın Aktau limanlarının genişləndirilməsi türkdilli ölkələr arasında iqtisadi və ticarət əlaqələrinin, tranzit əməkdaşlığının genişləndirilməsinə imkan verəcək. Ramil Həsənov şuranın portalının səmərəliliyinin artırılmasına, biznes-forumların və digər tədbirlərin keçirilməsinə dair təkliflər səsləndirib.

Sonra Türk Şurası Katibliyinin iqtisadiyyat üzrə işçi qrupunda bir gün əvvəl müzakirə edilən məsələlər barədə nazirlərə məlumat verilib, müzakirələr aparılıb, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlərinin iqtisadiyyat nazirlərinin VI görüşünün yekununa dair Protokol imzalanıb.

 

DİGƏR Xəbərlər Arxiv