YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümit Yalçın: Türkiyədə son zamanlar baş verən hadisələrlə bağlı Azərbaycan qətiyyətli mövqe nümayiş etdirir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin xarici işlər nazirinin müavini Ümit Yalçın ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin qardaşlıq və dostluq xarakteri daşıdığı vurğulanıb, strateji müttəfiqliyin yüksələn xətt üzrə inkişafından məmnunluq ifadə olunub.

Ümit Yalçın Türkiyədə son zamanlar baş verən hadisələrlə bağlı Azərbaycanın nümayiş etdirdiyi qətiyyətli mövqeyə görə təşəkkürünü bildirib.

Elmar Məmmədyarov Türkiyədə baş vermiş son terror aktları ilə əlaqədar bir daha dərin hüznlə qardaş Türkiyə xalqına və hökumətinə başsağlığı verib.

Görüşdə Azərbaycanın və Türkiyənin bütün bəşəriyyət üçün təhlükə olan terrorizmə qarşı mübarizədə birgə səylərinin artırılmasının vacibliyi qeyd olunub. Azərbaycan və Türkiyənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və bir-birilərinin mövqelərini dəstəkləməsi təqdir olunub.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib. O, Türkiyənin beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq, münaqişə ilə bağlı ədalətli və qəti mövqeyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tezliklə fəaliyyətə başlamasının regional əməkdaşlığın inkişafına, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin və ticarət dövriyyəsinin daha da artmasına xidmət edəcəyi vurğulanıb.

Görüş zamanı, həmçinin beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.