YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov: Azərbaycan ilə Qazaxıstan Avropa və Asiya arasında körpü rolunu oynayır

Dekabrın 21-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən bildirilib ki, spiker Oqtay Əsədov qonağın TürkPA Beynəlxalq Katibliyinin yeni inzibati binasının açılışı münasibətilə ölkəmizə səfəri çərçivəsində Azərbaycan parlamentində olmasından məmnunluq duyduğunu söyləyib. Qeyd edilib ki, hər iki ölkənin parlament sədrləri MDB PA, TürkPA kimi qurumlarda tez-tez görüşür, onları maraqlandıran məsələlər barədə fikirlərini bölüşürlər. Qarşılıqlı səfərlər ölkələrimiz arasında strateji əməkdaşlığın daha da inkişafı üçün yeni imkanlar açır.

Dövlət başçılarının görüşləri zamanı aparılan danışıqların ölkələrimiz arasında əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynadığını vurğulayan Milli Məclisin sədri TürkPA çərçivəsində əlaqələrimizin genişlənməsini müsbət dəyərləndirib. Bildirilib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, TÜRKSOY, TürkPA, Beynəlxalq Türk Akademiyası, bu dövlətlərin Ağsaqqallar Şurası, Türk Mədəniyyəti və İrsi Fondu çərçivəsində əməkdaşlığımız türk mənəvi birliyinin möhkəmlənməsinə xidmət edir.

Sədr Oqtay Əsədov ölkələrimizin Avropa ilə Asiya arasında körpü rolunu oynadığını qeyd edərək, münasibətlərimizin dərin tarixi köklərə söykəndiyini deyib. Bildirib ki, ölkələrimiz arasında imzalanmış sənədlər əlaqələrimizin hüquqi bazasını təşkil edir. Mütəmadi biznes-forumların keçirilməsi, iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti dövlətlərimiz arasında ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərir.

Sədr Milli Məclis ilə Qazaxıstan parlamenti arasında əlaqələrin inkişafından danışaraq hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini yüksək dəyərləndirib. Qeyd edilib ki, TürkPA öz fəaliyyəti ilə xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına və faydalı əməkdaşlığın dərinləşməsinə xidmət edir. Bizim birliyimizin möhkəmlənməsi dünyada nüfuzumuzun güclənməsi üçün möhkəm zəmin yaradır.

Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin ölkəmizə səfərinin məqsədinin TürkPA Beynəlxalq Katibliyinin yeni inzibati binasının açılışı mərasimində iştirak etmək, təşkilatın gələcək fəaliyyəti barədə fikir mübadiləsi aparmaq, həyatın müxtəlif sahələrində əməkdaşlığımızın perspektivlərini müzakirə etmək olduğunu söyləyib.

Qonaq münasibətlərimizin daha da dərinləşməsində hər iki ölkənin dövlət başçılarının səylərini yüksək qiymətləndirərək, parlamentlərin də xalqlarımızın rifahı naminə bu işə layiqli töhfə verdiyini deyib.

Söhbət zamanı türkdilli ölkələrin birliyi istiqamətində gərəkli addımların atılmasının zamanın tələbi olduğu qeyd edilib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.