YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: 2017-ci il Azərbaycan iqtisadiyyatının inkişaf ili olacaq

“Son illər ölkə həyatının bütün sahələrində reallaşdırılan məqsədyönlü tədbirlər öz uğurlu nəticələrini verib.

İqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji sahəsində qlobal əhəmiyyətli layihələrin icrası ölkəmizin imkanlarını artırmaqla yanaşı, regional və beynəlxalq əməkdaşlığın inkişafı işinə də xidmət edir.” Bu fikirlər yanvarın 12-də Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycanın 2017-ci il üçün iqtisadi prioritetləri” sərlövhəli məqaləsində yer alıb.

Prezident İlham Əliyevin müəllifi olduğu məqalədə daha sonra qeyd olunur: “Eyni zamanda, qeyd etmək lazımdır ki, əldə etdiyimiz real uğurlarla yanaşı, çağırışlarla da üzləşmişik. Qlobal iqtisadi böhran prosesləri Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib, gəlirlər azalıb və ötən il ərzində milli valyuta 10,1 faiz ucuzlaşıb. Lakin adekvat addımlar ataraq biz bu çətinliklərin öhdəsindən uğurla gəlirik. Daha dayanıqlı inkişafa nail olmaq üçün “Strateji Yol Xəritəsi” təsdiqlənib, struktur, institusional, pul-kredit, maliyyə və digər istiqamətlərdə dərin islahatlar aparılır, vergi və gömrük sahəsində idarəetmə təkmilləşdirilir, bütün sahələrdə şəffaflıq təmin edilir. Misal üçün, ötən ilin 10 ayında ticarət dövriyyəsinin azalmasına baxmayaraq, gömrük rüsumlarının toplanan həcmi 53 faiz artıb.”

Prezident İlham Əliyev məqalədə qeyd edir: “Mən əminəm ki, 2017-ci il Azərbaycan iqtisadiyyatının inkişaf ili olacaq. Biz səmərəli iqtisadi islahatların həyata keçirilməsini davam etdirəcəyik. Eyni zamanda, sosialyönümlü təşəbbüslərin maliyyələşdirilməsini artıracağıq. İqtisadiyyatın şaxələndirilməsi işi demək olar ki, başa çatmaqdadır. Hazırda ölkəmizin ümumi daxili məhsulunun 70 faizi qeyri-neft sektorunun payına düşür. Bu gün bizim qarşımızda duran əsas məqsəd ixracın şaxələndirilməsidir. 2016-cı ildə atdığımız addımlar bu məqsədə nail olunması işinə xidmət edəcək. Azərbaycan artıq Dünya İqtisadi Forumunun Qlobal Rəqabət Qabiliyyətliliyi İndeksinə görə 37-ci yerdədir (MDB ölkələri sırasında 1-ci yerdə) və biz bu uğuru daha da möhkəmləndirmək əzmindəyik.”