YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini Əli Əhmədov Yevlax rayonunda icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi işləri ilə tanış olub

Yanvarın 17-də Baş nazirin müavini Əli Əhmədov Yevlax şəhərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi sahəsində görülən işlərlə maraqlanıb.

Baş nazirin müavini Əli Əhmədov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev, Milli Məclisin deputatı İlham Məmmədov və Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov əvvəlcə şəhərin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.

Baş nazirin müavini Əli Əhmədov sonra Yevlax Şəhər Mərkəzi Xəstəxanasına yeni gətirilən tibbi avadanlıqla tanış olub, rayonun səhiyyə işçiləri ilə görüşüb.

Görüşdə Əli Əhmədov bildirib ki, icbari tibbi sığorta ilə əlaqədar konsepsiyanın həyata keçirilməsi üçün Azərbaycanın iki bölgəsi baza rayonları seçilib. Yevlax rayonunda və Mingəçevir şəhərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə reallaşdırılacaq və sonra bütün ölkədə tətbiq olunacaq. Yevlaxın və Mingəçevirin seçilməsi təsadüfi deyil. Həm Yevlaxda, həm Mingəçevirdə səhiyyə infrastrukturu xeyli dərəcədə yaxşılaşdırılıb. Yeni xəstəxanalar tikilib, lazımi infrastruktur işləri həyata keçirilib.

Əli Əhmədov qeyd edib ki, bütün dünyada səhiyyə icbari tibbi sığorta əsasında maliyyələşir. Bu, səhiyyənin maliyyələşməsinin yeni, müasir formasıdır. Bunu həyata keçirməkdə məqsəd əhalinin tibbi xidmətlərə əlçatanlığını təmin etmək və səhiyyə xidmətlərin keyfiyyətini yaxşılaşdırmaqdır.

Baş nazirin müavini dövlətin səhiyyəyə ayırdığı vəsaitlərdən səmərəli istifadə edilməsində icbari tibbi sığortanın əhəmiyyətini vurğulayaraq, dövlət tərəfindən səhiyyənin maliyyələşməsi üçün əhəmiyyətli vəsait ayrıldığını bildirib. “Biz səhiyyənin maliyyələşməsinin yeni formasını tətbiq etməklə bu vəsaitlərdən daha səmərəli istifadə olunmasına çalışırıq. İstəyirik ki, dövlət tərəfindən ayrılan vəsaitlər hesabına vətəndaşlara daha yüksək səhiyyə xidmətləri göstərilsin. Qarşıda duran məqsədlərdən biri də səhiyyədəki çatışmazlıqların aradan qaldırılması, həmçinin həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılmasıdır”, – deyə Ə.Əhmədov bildirib.

Tədbirlərdə çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev 2017-ci ildə pilot ərazilərdə görüləcək işlər haqqında məlumat verib. Qeyd edib ki, Agentlik tabeliyinə verilən tibb müəssisələrinin maliyyələşdirilməsi, inventarizasiyası və kadr məsələlərinin tənzimlənməsini həyata keçirəcək. Bununla yanaşı, sözügedən ərazilərin tibb müəssisələri şəbəkəsinin və mövcud resurslarının optimallaşdırılması, əhalinin icbari tibbi sığorta ilə əhatə olunması, tibb müəssisələrinin idarəçiliyinin icbari tibbi sığortanın tələblərinə uyğunlaşdırılması sahəsində ciddi islahatlar aparılacaq.

Agentliyin direktoru bildirib ki, səhiyyənin maddi-texniki bazasını, kadr potensialını gücləndirmək məqsədilə də tədbirlər görüləcək.

Görüşdən sonra jurnalistlərə müsahibə verən Baş nazirin müavini deyib: “Prezidentin Sərəncamı ilə ölkəmizin iki bölgəsində - Yevlax rayonunda və Mingəçevir şəhərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihələr reallaşdırılacaq. Azərbaycanda icbari tibbi sığorta modeli bu iki bölgənin timsalında sınaqdan keçiriləcək. Biz bunu bir il ərzində yoxlayacağıq və ondan sonra bütün respublikaya tətbiq olunacaq. Güman edirəm ki, bu, olduqca uğurlu modeldir, çünki dünya praktikası nəzərə alınıb”.

Əli Əhmədov qeyd edib ki, Yevlax və Mingəçevirdə icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi üçün lazımi şərait yaradılıb, müvafiq qurumlar qarşısında vəzifələr müəyyənləşdirilib. Yaxın zamanlarda artıq ilkin praktik addımlar atılacaq, icbari tibbi sığorta əsasında səhiyyə xidmətləri göstərilməyə başlanacaq.

 

DİGƏR Xəbərlər Arxiv