YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Allahşükür Paşazadə: İrqi zəmində nifrət və qarşıdurma bəşəriyyəti sonu görünməyən uçuruma aparır

İrqi zəmində nifrət və qarşıdurma bəşəriyyəti sonu görünməyən uçuruma aparır.

Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Qüds günü ilə bağlı keçirilən tədbirdə deyib.

A.Paşazadə bildirib ki, bu gün tarixi baxımdan çox nadir bir dönəmdə - iki minilliyin və iki əsrin ortalarında yaşayırıq. Lakin çox təəssüf ki, XXI əsrin gəlişindən 14 il keçməsinə baxmayaraq, insanlığın ən böyük bəlası sayılan müharibələrdən, qanlı savaşlardan, zülm və istismar niyyəti ilə törədilən qardaş qırğınlarından hələ də qurtulmaq mümkün olmur. Bu gün dünya xəritəsində qaynar nöqtələrin sayı sülh və rifah içində yaşayan dövlətlərin sayından qat-qat çoxdur. Xüsusilə İslam dünyasında baş verən son hadisələr hər birimizi son dərəcə narahat edir. Qarabağ müharibəsinin, Xocalı soyqırımının, erməni ekstremistlərinin mütəmadi terrorunun acılarını yaşayan bir xalq kimi, biz azərbaycanlılar bu hadisələrə laqeyd yanaşa bilmirik. Çox təəssüf ki, hər gün yüzlərlə müsəlman qətl edilir, uşaqlar yetim, analar ağlar qalır, qocalara, qadınlara rəhm edilmir. Müsəlman dünyasının nadir sənət inciləri, memarlıq abidələri, məscidlər, müqəddəs ziyarətgahlar, xristian kilsələri, pravoslav və katolik məbədləri yerlə yeksan edilir. Ən qorxulusu isə odur ki, bu vəhşət içərisində yeni bir sosial fəlakət - bir-birinə nifrət edən insanlar cəmiyyəti yaranır. Sözdə dünyanın qloballaşdığı, mədəniyyətlərin yaxınlaşdığı, elmin, tibbin, iqtisadiyyatın təkmilləşdiyi bir zamanda yaşayırıq. Amma reallıqda insanlar arasında milli, dini, irqi zəmində nifrət və qarşıdurma sayəsində bəşəriyyət sonu görünməyən uçuruma doğru gedir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri deyib: “Məqsədimiz budur ki, dünyanın iqtidar gücündə olan dövlətləri, sülh yaratmağa səy göstərən beynəlxalq təşkilatları və bütün insanlar dərk etsinlər ki, Allahın bizim üçün yaratdığı, sülh və əmin-amanlıq üçün bizə əmanət etdiyi bu dünyanı hikmət və barışla xilas etməyin zamanı gəlib çatıb”.

Müsəlman ölkələrinin Azərbaycandakı səfirlərinin, dini icmaların rəhbərlərinin iştirak etdikləri tədbirdə son günlər Qəzzada baş verən hadisələrlə bağlı bəyanat qəbul olunub.