YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səlim Müslümov: 2016-cı ildə əvvəlki illə müqayisədə 2 dəfədən çox, yəni 56 631 nəfər münasib işlə təmin olunub

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlət məşğulluq siyasətinin icrası, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və səmərəli məşğulluğunun təmin edilməsi, əmək bazarının tələbləri əsasında aktiv məşğulluq tədbirlərinin təşkili sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib. 

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iclası giriş sözü ilə açaraq, dünyada və regionda təhlükələrin, risklərin artdığı, böhranın dərinləşdiyi 2016-cı ildə də ölkəmizdə əmin-amanlığın, sosial-iqtisadi sabitliyin qorunub saxlandığını vurğulayıb: “Ümumən dünya iqtisadiyyatı üçün ciddi çətinliklərin yaşandığı 2016-cı ildə də Azərbaycan  Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət, mükəmmməl islahatlar kursu respublikanın dinamik inkişafının qoruyub saxlamağa imkan verib. Belə ki, ötən il qeyri-neft sənayemiz 5 faiz, kənd təsərrüfatı 2,6 faiz artmış, bütün sosial proqramlar uğurla icra edilmiş, sosial təşəbbüslər daha da genişləndirilmişdir. Əmək haqlarında 7 faiz, pensiyalarda 8 faiz artım qeydə alınıb, digər sosial ödənişlərin artırılması təmin olunub. Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirmişdir, ölkəmizdə təhlükəsizlik tədbirləri təmin edilmişdir, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşamışdır və yaşayır”.

Nazir ötən ilin əsas uğurlarından biri kimi, əmək bazarında da sabitliyin qorunub saxlandığını, ölkəmizdə daha 100 mindən çox daimi iş yerinin yaradıldığını  diqqətə çatdırıb: “İqtisadi şaxələndirmənin genişlənməsinə yönələn dövlət investisiya layihələrinin icrası, tranzit potensialının artırılması, yeni sənaye parklarının və zonalarının yaradılması, inşaat sektorunun inkişafı və bunun nəticəsində tikinti materialları istehsalı sektorunun canlanması və s. istiqamətlərdə cari ildə də atılacaq addımlar on minlərlə yeni iş yerlərinin yaranmasına imkan verəcək. Bu amillərlə yanaşı, ənənəvi kənd təsərrüfatı sahələri üzrə istehsalın artırılması üçün tədbirlərin davam etdirilməsi ilə əmək resurslarının səmərəli məşğulluğunun təminatının, ölkənin əmək bazarında müsbət proseslərin sürətlənməsi müşahidə olunacaq”. 

S.Müslümov ötən il nazirliyin məşğulluq orqanlarının fəaliyyətindən bəhs edərək bildirib ki, nazirliyin  məşğulluq orqanları tərəfindən 2016-cı ildə əvvəlki illə müqayisədə 2 dəfədən çox, yəni 56 631 nəfər münasib işlə təmin olunub.

İclasda görülən işlərin müsbət nəticələri qeyd olunmaqla yanaşı, yol verilən  nöqsan və çatışmazlıqlardan da bəhs olunub. Fəaliyyətində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün müvafiq qərarlar qəbul edilib. Qarşıda duran vəzifələr müzakirə olunub və nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.