YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail İbrahimli: 20 Yanvar faciəsi xalqımızın milli-azadlıq və müstəqillik uğrunda apardığı hərəkata güclü təkan verdi

«1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda XX əsr tarixinin ən faciəli hadisələrindən biri baş verdi. Azərbaycanın dinc əhalisinin üzərinə vəhşicəsinə hücuma keçən sovet əsgərləri ən müasir silahlardan istifadə edərək yüzlərlə günahsız insanları qətlə yetirdilər». Bu fiikrləri Milli Məclisin deputatı, tarix elmləri doktoru Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, 20 Yanvar faciəsi beynəlmiləlçilik və xalqlar dostluğu pərdəsi altında fəaliyyət göstərən SSRİ adlanan bir imperiyanın mahiyyətini açdı, bu dövlətə az-çox inanan insanların inamını sarsıtdı. Onun sözlərinə görə, xalqın iradəsini qırmaq məqsədilə törədilmiş bu qanlı terror Azərbaycan xalqının milli-azadlıq və müstəqillik uğrunda apardığı hərəkata güclü təkan verdi və respublikada siyasi mübarizə yeni bir mərhələyə daxil oldu.

«20 Yanvar faciəsi respublikada milli-azadlıq hərəkatına və demokratik proseslərə zərbə vursa da, müstəqillik uğrunda xalqımızın apardığı mübarizəni dayandıra bilmədi. Əksinə, 20 Yanvar faciəsi xalqımızın istiqlaliyyət, milli-azadlıq və müstəqillik uğrunda apardığı hərəkata güclü təkan verdi və respublikada siyasi mübarizə yeni tarixi dövrə daxil oldu. Baş verən hadisələr, milli münaqişələr sovetlər imperiyasının çökməsi ilə nəticələndi və Azərbaycan öz tarixi müstəqillik haqqına qovuşdu.  Azərbaycanın istiqlalı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi abidəsi hər bir azərbaycanlının ürəyində ucalır. Xalqımızın ziyarət yerinə çevrilmiş Şəhidlər xiyabanında yanan əbədi məşəl şəhidlərin ruhuna xalqımız tərəfindən olan ehtiram və dövlətimiz tərəfindən verilən qiymətdir»- deyə, F.İbrahimli vurğulayıb.