YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daşkəsəndə 20 Yanvar faciəsinin 27-ci ildönümü böyük ehtiram və hörmətlə yad edilmişdir

20 Yanvar faciəsinin 27-ci ildönümü bütün ölkəmizdə olduğu kimi, Daşkəsən rayonunda da  dərin ehtiramla yad edilmişdir.

Yanvarın 19-da 20 Yanvar faciəsinin 27-ci ildönümü münasibətilə Daşkəsən rayonunun mərkəzində Şəhidlər xiyabanında ümumrayon anım mərasimi keçirilmişdir. Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin adından Şəhidlər xiyabanındakı əbədi məşəlin önünə əklil qoyulub.

Anım tədbirində iştirak edən rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, sakinlər tərəfindən qəmli musiqilərin sədaları altında şəhid məzarları ziyarət olunmuş, şəhid qəbirlərinin üzərinə tər güllər və çiçəklər qoyulmuşdur.

Şəhidlər xiyabanını ziyarətdən sonra anım tədbiri rayon Mədəniyyət Mərkəzində davam etdirilmişdir. Mərkəzin foyesində məktəblilərin 20 Yanvar faciəsinə həsr olunmuş rəsm sərgisi təşkil edilmişdir. Toplantı iştirakçıları tərəfindən şərgiyə baxış keçirilmişdir.

Sonra tədbir iştirakçıları zalda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad etmişlər.

Anım tədbirində çıxış edən Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev qeyd etmişdir ki, 1990-cı ilin 20 yanvarında törədilmiş qanlı faciəli hadisələri xalqımızın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. 1990-cı il yanvarın 19-dan 20-nə keçen gecə Sovet ordusu erməni silahlı quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirib. Azərbaycanın müstəqillik və milli azadlıq uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvarında xalqımıza qarşı misli görünməmiş vəhşiliklər törədilmişdir.

Bu qanlı faciə Azərbaycan xalqının milli azadlığı və ərazi bütövlüyü uğrunda aparmış olduğu şanlı mübarizə tarixində qara səhifə kimi heç vaxt unudulmayacaqdır.

Qeyd edilmişdir ki, sovet ordusunun və erməni quldurlarının hərbi təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmış, şikəst və əlil olmuşdur. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməmişdir.

Əhəd Abıyev öz çıxışında bildirmişdir ki, bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli lider Heydər Əliyev olmuşdur. Ulu öndər Heydər Əliyev 1990-cı il  yanvarın 21-də, faciənin səhərisi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib.

1991-ci ilin martında isə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edən xalq deputatı Heydər Əliyev 20 Yanvar hadisəsini növbəti dəfə çox sərt şəkildə şərh edərək bu hadisəni İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz kimi qiymətləndirdi. O, qatillərin aşkarlanması məsələsini yenidən qaldırdı, 20 Yanvar faciəsinə Ali Sovetin sessiyasının qiymət verməli olduğunu vurğuladı.

Qanlı Yanvar faciəsi ilə bağlı Ulu öndər Heydər Əliyev tərəfindən verilən kəskin bəyanat artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasını bildirirdi. Heydər Əliyevin növbəti sərt addımı isə SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı 19 iyul 1991-ci il tarixli ərizəsidir. O, bu müraciətində SSRİ-nin dağılmasının labüdlüyünü açıq bəyan etmişdi. Heydər Əliyev bu müraciətdə 20 Yanvar hadisəsi ilə bağlı qeydlərində bildirirdi: "Bu antihumanist, konstitusiyaya və hüquqa zidd hərəkəti ittiham edərkən Sov.İKP və Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına və günahkarları üzə çıxaracağına ümid edirdim. Artıq yarım il keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri 10 illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil”.

20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməməsi Heydər Əliyevi çox düşündürən məsələlərdən biri idi.

Yalnız ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

Əhəd Abıyev daha sonra vurğulamışdır ki, biz bu qanlı faciənin ildönümü ərəfəsində həmrəyliyimizi, azadlıq və ərazi bütövlüyümüz uğrunda mübarizə əzmimizi bir daha nümayiş etdirdik. Bu gün 20 Yanvar şəhidlərinin  ruhu şaddır. Ona görə ki, Azərbaycan müstəqil və azaddır. Biz inanırıq ki, 20 Yanvar şəhidlərinin ruhu bu gün Qarabağın üzərində, işğal olunmuş ərazilərimizdə narahatdır. 20 Yanvar və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin and yeri olan üçrəngli bayrağımızın tezliklə Şuşada, Laçında, Kəlbəcərdə, Xankəndində, Qubadlıda, Xocalıda və digər işğal olunmuş ərazilərimizdə dalğalanacağına əminik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında qazanacağımız o uğurlu qələbə günü çox da uzaqda deyil.

Ölkə rəhbərimiz, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin  aparmış olduğu doğru-düzgün uğurlu siyasəti bizi inamla işıqlı gələcəyə, yeni-yeni parlaq qələbələrə aparır. Bu gün Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır

Daha sonra tədbirdə rayon mədəniyyət işçilərinin və məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilmiş və 20 Yanvar faciəsindən bəhs edən filmə baxış keçirilmişdir.