YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: “Yenilənmiş Madrid prinsipləri”ndə mahiyyət ondan ibarətdir ki, münaqişə mərhələli şəkildə həllini tapmalıdır

«Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dediklərindən belə məlum olur ki, münaqişənin tənzimlənməsi ilə bağlı heç bir halda yeni yanaşmalardan söhbət getmir. Belə çıxır ki, Rusiya münaqişənin həlli ilə əlaqədar “Yenilənmiş Madrid prinsipləri”nə sadiqdir. Bu prinsiplərin ən birinci mühüm tezisi Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsindən, eyni zamanda Dağlıq Qarabağ ətrafında işğal olunan 7 rayonun azad olunmasından ibarət idi». Bu fikirləri Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi məsələsi “Yenilənmiş Madrid prinsipləri”ndə də var. Onun sözlərinə görə, burada mahiyyət ondan ibarətdir ki, münaqişə mərhələli şəkildə həllini tapmalıdır.

«Bu zaman əsas şərt Dağlıq Qarabağ ətrafı 7 rayonun işğaldan azad edilməsi və digər addımlardır. Yalnız bundan sonra müəyyən zaman keçir və tərəflər Dağlıq Qarabağın yekun statusunu müəyyən edirlər. Onu da qeyd etmək yerinə düşər ki, həmin zaman müddəti ilə bağlı konkret fikir yoxdur. Yekun status necə müəyyən edilməlidir? Axı orada infrastruktur, azərbaycanlı əhalinin yaşadığı evlər dağıdılıb, demoqrafik vəziyyət tamamilə ermənilərin xeyrinədir. Hazırda Dağlıq Qarabağ ərazisində azərbaycanlı əhali qalmayıb. Belə vəziyyətdə orada hər hansı referendumun keçirilməsi, Dağlıq Qarabağın statusu ilə bağlı hər hansı ciddi siyasi addımın atılması real vəziyyətə uyğun olmayacaq. Deməli, bu məsələnin tənzimlənməsi ilə əlaqədar da konsensusa gəlinməlidir. Digər tərəfdən, münaqişənin həllində bir məsələ də unudulmamalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Necə ola bilər ki, Azərbaycanın tərkib hissəsi olan bir ərazinin statusunun müəyyən edilməsi üçün referendum keçirilsin, amma bu prosesdə azərbaycanlılar iştirak etməsin? Bu, məntiqə ziddir. Dağlıq Qarabağ ayrıca dövlət deyil ki, Azərbaycandan kənarda belə bir addım atsın. Belə incəliklər mütləq nəzərə alınmalıdır»- deyə, E.Nəsirov qeyd edib.