YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyi 2016-cı ildəki fəaliyyətinin yekunlarına və 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirib

Yanvarın 28-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin  2016-cı ildəki fəaliyyətinin yekunlarına və 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, dövlət və hökumət rəsmiləri, deputatlar, partiyanın gənc üzvləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasət nəticəsində əldə olunan uğurlara dair videoçarx nümayiş etdirilib. Daha sonra YAP Gənclər Birliyinin 2016-cı ildəki fəaliyyətini əks etdirən film təqdim olunub.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov tədbirdə çıxış edərək YAP Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndirib. Ölkəmizdə gənclərin fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını deyən Əli Əhmədov bildirib ki, Azərbaycanda gənclərin fəallıqlarının təmin olunması istiqamətində YAP da mühüm rol oynayır, onlar üçün əlverişli şəraitin yaradılmasına çalışır. YAP gənclərinin 2016-cı ildəki fəaliyyətini uğurlu hesab edən Əli Əhmədov  ötən il ölkəmizin qazandığı nailiyyətlərdə partiyanın gənc üzvlərinin də özünəməxsus payı olduğunu vurğulayaraq deyib: «YAP-ın cəmiyyətdə rolunun artması fonunda YAP Gənclər Birliyinin rolunun da artması bizi sevindirir. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, partiyamızın sıralarında gənclərimizin sayı artır və bu, özü-özlüyündə YAP-ın təkcə bu günü ilə deyil, gələcəyi ilə bağlı böyük perspektivlərə malik olduğunu ifadə edir. Çox sevindirici haldır ki, getdikcə daha çox sayda Azərbaycanın fəal, vətənpərvər gəncləri öz siyasi talelərini partiyamızla bağlayırlar, Prezident İlham Əliyevin siyasətinə münasibətlərini bu formada ifadə edirlər. Eyni zamanda, hesab edirəm ki, gənclər YAP-ın üzvü olmaqla bütövlükdə Azərbaycan cəmiyyətinin inkişafı prosesində iştiraklarına əhəmiyyətli bir təminat əldə etmiş olurlar. Eləcə də, ölkəmizdə həyata keçirilən işlərdə öz töhfələrini vermək imkanı qazanırlar. YAP-ın sıralarında olmaqla öz fəallıqlarını cəmiyyətə təqdim edirlər, özlərini tanıdırlar. Bu da partiyamıza daxil olan gənclərimiz üçün çox əhəmiyyətlidir. Çünki bu gənclər YAP-ın sıralarında başladıqları ictimai-siyasi fəallıqları ilə özlərini cəmiyyətə təqdm edib gələcəyin ictimai-siyasi xadimləri kimi sağlam iddialarını ortaya qoymuş olurlar. Biz inanırıq ki, məhz bu gənclərin arasından gələcəyin çox dəyərli ictimai-siyasi xadimləri, həyatımızın bu və digər sahələrində əhəmiyyətli mövqelər tutan   vətəndaşları, rəhbərləri yetişəcəklər. Beləliklə də, bu gənclər YAP-ın sıralarına qoşulmaqla özlərinin uğurlu gələcəyi üçün etibarlı meydan əldə etmiş olurlar. Biz gənclərə böyük ümidlərlə baxırıq. Təbii ki, Ümummilli lider Heydər Əliyevin gənclər siyasətində, həm bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi gənclərlə bağlı siyasətdə gənclərə nə qədər böyük önəm verildiyi cəmiyyətimizə məlumdur».

Baş nazirin müavini qeyd edib ki, biz gənclərimizə yalnız gələcəyin sahibləri kimi deyil, həm də gələcək Azərbaycanın qurucuları kimi baxırıq: «Biz istəyirik ki, gələcəyi quran insanların içərisində gənclər də fəal rol oynasınlar, daha geniş şəkildə bu prosesə öz töhfələrini versinlər. Məmnunluq hissi demək lazımdır ki, son illər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə gənclərə önəm verilməsi, gənclərin cəsarətlə irəliyə çəkilməsi məhz bu faktın göstəricisidir. Biz gənclərə quruculuq prosesinin fəal iştirakçıları kimi baxırıq. Bu həm də, indiki dövrün zəruri tələbatıdır. Cəmiyyət sürətlə dəyişir, yeniləşir, yeni çağırışlar uyğun şəkildə fəaliyyət göstərmək zərurəti yaranır. Təbii ki, yeniliyi hamıdan yaxşı dərk edən, yeniliyi özündə ehtiva edən qüvvə gənclərdir. Bu mənada yeniləşən, yeniləşməni özünün yaşamaq tərzinə çevirən və gələcək həyata hazırlanmağın yolunun məhz bundan keçdiyini dərk edən cəmiyyət üçün gənclərin bu yeniləşmə prosesində iştirakını təmin etmək tamamilə məntiqlidir. Və qarşıya qoyulmuş hədəflərə çatmaq üçün seçilmiş ən düzgün yollardan biridir.  Cəmiyyətimizdə gənclərimiz üçün geniş perspektivlər açılıb  və YAP gənclərimizin həyatımızda daha yaxından iştirak etməsi üçün ən gözəl imkan yaradan təşkilatlardan biridir və gənclərimiz bunu dərk edirlər. Beləliklə, gənclər həm Heydər Əliyev ideyalarına sadiq olduqlarına, həm Prezident İlham Əliyevin siyasətini dəstəklədiklərinə, həm də YAP-ın gənclərin ictimai-siyasi fəallığı üçün geniş imkanlar yaratdığına görə öz seçimlərini partiyamızla bağlayırlar. Hesab edirəm ki, bu, Azərbaycan cəmiyyətinin parlaq olmasının sübutlardan biridir. Azərbaycan cəmiyyəti gənclərin say etibarilə çox olduğu cəmiyyətlər sırasındadır. Bu bizim mühüm üstünlüklərimizdən biridir. Təbii ki, bu üstünlükdən ən səmərəli şəkildə istifadə edilməsi, gənclərə ən əlverişli imkanların təqdim edilməsi onlar üçün həm təhsil almaq baxımından, həm də öz biliklərinin inkişafımızın daha sürətlə irəliyə getməsi üçün istifadə edilməsi baxımından dövlətin qarşıya qoyduğu ən önəmli vəzifələrdən biridir. Bu vəzifə uğurla yerinə yetirilməkdədir».

Son illər Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf etdiyini, mühüm uğurlar qazandığını diqqətə çatdıran Əli Əhmədov bildirib ki, bu nailiyyətlər arasında ən mühümlərindən biri də yüksək intellektli, vətənpərvər, sağlam əqidəli gənclərin yetişməsidir. İnkişafının yeni dövrünə qədəm qoyan, növbəti iqtisadi sıçrayış istiqamətində mühüm addımlar atan Azərbaycanda gənclər özlərini iqtisadi sfera ilə bağlamalı, sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdırlar. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin qarşısında duran əsas hədəflərdən biri də məhz insanların, xüsusilə də gənclərin iqtisadi fəallığının artırılmasıdır. Ona görə də YAP GB həm təbliğat nöqteyi-nəzərindən, həm də gənclər arasında iqtisadi fəallığın gücləndirilməsi baxımından böyük işlər görə bilər.

Hazırda ölkəmizdə ciddi islahatlar dövrünün, yeni inkişaf mərhələsinin başlandığını vurğulayan Baş nazirin müavini diqqətə çatdırıb ki, bundan əvvəl həyata keçirilən islahatlar öz hədəfinə çatıb. Ancaq Azərbaycan cəmiyyəti yeni inkişaf mərhələsinə can atdığı üçün yeni islahatlar həyata keçirilməlidir. Transformasiyanın yeni mərhələsini yaşayan Azərbaycanda YAP gənclərinin də üzərinə böyük vəzifələr düşür. Partiyanın bu il üçün fəaliyyət planında gənclərin də qarşısında mühüm vəzifələrin qoyulduğunu qeyd edən Ə.Əhmədov deyib: “Ölkəmizdə həyata keçirilən islahatları, onları zəruri edən obyektiv şərtləri, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyənləşdirilən siyasəti olduğu kimi dərk etmək və buna ictimai dəstək vermək partiyanın gənc üzvlərinin qarşısında duran ən mühüm vəzifələrdəndir. Bunun üçün gənclər sosial şəbəkələrdən, digər platforma və vasitələrdən fəal istifadə etməlidirlər”.

Sonra tədbirdə Dövlət İqtisad Universitetinin tələbəsi, YAP təqaüdçüsü Məcid Nəcəfli, YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin üzvü Tehranə Qasımova, BDU-nun tələbəsi, YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin üzvü Zeyvə Tağızadə və YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin üzvü Tamerlan Əkbərov çıxış edərək Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasətinin uğurları, Yeni Azərbaycan Partiyasının gəncliyin inkişafı istiqamətində reallaşdırdığı  tədbirlərin əhəmiyyətini vurğulayıblar.

Sonra tədbirdə beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş bir qrup idmançıya YAP-ın üzvlük vəsiqələri, ötən il YAP Gənclər Birliyinin fəaliyyətində aktivliyi ilə seçilmiş gənclərə fəxri fərman və hədiyyələr təqdim olunub.

Tədbir konsert proqramı ilə davam edib.

 

DİGƏR Partiya xəbərləri Arxiv