YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Lerikdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi “Yay məktəbi” layihəsi başa çatdı

İyulun 31-də Lerik rayonundakı “Relax” istirahət mərkəzində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsi başa çatdı.

Bu münasibətlə keçirilən mərasimdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Lerik IV turunun qrup rəhbəri, YAP Siyasi Şurasının üzvü və partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, YAP işlər idarəsinin müdiri Mahir Abbasəliyev, partiyanın Lerik rayon təşkilatının sədri Elxan Qəmbərov iştirak edirdilər.

Mərasimdə bildirildi ki, 2007-ci ildən başlayaraq artıq ənənə halını alan “Yay məktəbi” layihəsinin məqsədi gənclərin asudə vaxtlarını səmərəli təşkil etməklə yanaşı, onların ictimai həyatdakı fəallığını daha da artırmaqdır.

Hər il olduğu kimi, bu il də Yeni Azərbaycan Partiyasından olan 800-dək fəal gənc Oğuz və Lerik rayonlarında dörd turda təşkil olunan birhəftəlik “Yay məktəbi”ndə iştirak ediblər.

Layihədə Bakı şəhəri ilə yanaşı, respublikamızın bütün rayonlarından olan gənclər təmsil olunublar.

Məlumat verildi ki, layihənin sonuncu - dördüncü turu iyulun 27-də start götürüb. Hər birində 80 nəfərədək fəal gənc olmaqla iki qrup layihədə iştirak etmək üçün Lerik və Oğuz rayonlarına yollanıb.

Lerik turunun iştirakçıları, layihənin ilk günündə əvvəlcə rayon mərkəzində Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla da tanış olublar.

Sonra tədbir “Relax” istirahət mərkəzində konfrans zalında davam etdirilib. Qrupun rəhbəri Aydın Hüseynov gənclərə “Yay məktəbi”nin məqsəd və vəzifələri barədə ətraflı məlumat verib.

Turun ikinci günündə YAP Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin iştirakçıları müxtəlif mövzularda diskussiyalar aparıb, interaktiv oyunlar və idman yarışlarında iştirak ediblər.

Layihə iştirakçıları, həmçinin “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir və ölkənin uğurlu iqtisadi inkişafında İlham Əliyev faktoru” mövzusunda seminarda iştirak ediblər. Qrupun rəhbəri Aydın Hüseynov gənclərə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışıb.

Qeyd olunub ki, Ümummilli Lider respublikamıza ilk dəfə rəhbərlik etdiyi dövrdə çox qısa bir zamanda Azərbaycan orta səviyyəli aqrar ölkədən keçmiş SSRİ-nin ən inkişaf etmiş sənaye respublikalarından birinə çevrilib. Respublikamızda İttifaq əhəmiyyətli iri sənaye müəssisələri yaradılıb, kənd təsərrüfatı sahəsində böyük nailiyyətlər əldə olunub. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində gələcəkdə milli ordumuzu lazımı kadr potensialı ilə təmin etmək məqsədilə Bakıda Ali Hərbi Məktəb yaradılıb.

Ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illəri əhatə edən respublikaya birinci rəhbərliyi dövründə azərbaycançılıq ideologiyasının əsasının qoyulduğunu, milli özünüdərkin bərpası kimi tarixi xidmətlər göstərdiyini deyən qrup rəhbəri, Ulu Öndərin xalqımız qarşısındakı ən böyük xidmətlərindən birinin Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılması olduğunu bildirib.

Yeni Azərbaycan Partiyasının yaranması ilə Azərbaycanın siyasi tarixində mühüm bir səhifə açıldığını diqqətə çatdıran A. Hüseynov qeyd edib ki, ümumxalq partiyası olan YAP ötən dövr ərzində öz səmərəli fəaliyyəti ilə Azərbaycanın dinamik inkişafına müstəsna töhfələr verib.
Diqqətə çatdırılıb ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan xarici sərmayədarların maraq dairəsinə çevrildi, ölkə iqtisadiyyatına xarici investisiyalar cəlb olunmağa başladı. Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların tamhüquqlu üzvünə çevrildi. Ulu Öndərin uzaqgörən xarici siyasət kursu sayəsində Azərbaycan beynəlxalq mövqeyini möhkəmləndirdi və etibarlı tərəfdaşa çevrildi.

Bu gün müasir müstəqil Azərbaycanın Ümummilli Liderin ideyaları əsasında inkişaf etdiyini bildirən qrup rəhbəri daha sonra qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli siyasət sayəsində Azərbaycan Respublikasının inkişafı davam edir, dövlət quruculuğu istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilir.

Diskussiyalarda iştirak edən gənclər Azərbaycanın iqtisadi inkişafında ulu öndər Heydər Əliyevin xidmətlərindən danışıb, bu sahədə Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətini vurğulayıblar.

Layihənin üçüncü günündə gənclər üçün “Fundraising” (Layihələrin yazılması və idarə olunması) mövzusunda təlim keçirilib. Lerik turunun məsul şəxsi Məmmədbağır Məmmədovun moderatorluğu ilə keçən təlimdə gənclərə layihələrin yazılması, həmçinin layihələrin təqdimatı, maliyyə mənbələrinin axtarılması, layihələrin düzgün idarə olunmasına dair tövsiyələr verib.

Layihə çərçivəsində dördüncü günündə gənclər “Leadership” (Gənclərə liderlik xüsusiyyətlərinin öyrədilməsi) mövzusunda təlimdə iştirak ediblər. Qrup rəhbəri Aydın Hüseynov mövzu ilə bağlı gənclərə öz tövsiyələrini verib.

Sonra tədbir Mahmud Məmmədzadənin moderatorluğu ilə davam etdirilib. Təlim zamanı gənclərlə praktiki oyunlar keçirilib, gənclərə komandada işləmək bacarıqları öyrədilib, liderliyin müxtəlif növləri haqqında məlumat verilib. Əsl liderin necə formalaşması, onun insanları öz ideyalarına inandıra bilməsi, onları öz ətrafına toplaya bilməsi keyfiyyətləri öyrədilib.

Təlim qarşılıqlı dialoq şəklində davam etdirilib və gənclər fəal şəkildə müzakirələrə qoşulublar.

Layihə çərçivəsində gənclər, həmçinin bir sıra intellektual oyunlar, idman yarışlarında da iştirak ediblər.

Layihənin bağlanış mərasimində “Yay məktəbi”ndə fərqlənən gənc liderlərə fəxri fərmanlar, diplomlar və xatirə hədiyyələri təqdim olundu.