YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Dağlıq Qarabağda planlaşdırılan qondarma “referendum” münaqişə ilə bağlı status-kvonu saxlamaq cəhdidir

Azərbaycanın işğal edilmiş ərazilərində keçirilməsi planlaşdırılan qeyri-qanuni “referendum” Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonu saxlamaq cəhdidir.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini, parlamentin insan hüquqları komitəsinin sədri Bahar Muradova deyib.

Bahar Muradova bildirib ki, bu təxribatçı addım, eləcə də Ermənistanın Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ regionunun adının dəyişdirilməsinə yönəlmiş cəhdləri Ermənistanın münaqişənin həllində maraqlı olmadığını göstərir və regionda gərginliyin artmasına xidmət edir.

“Bütün bu cəhdlər cəfəngiyatdır”, - deyən Milli Məclis sədrinin müavini vurğulayıb ki, beynəlxalq təşkilatlar, xarici dövlətlər heç zaman qondarma rejimlərin bu cür saxta “seçkilər”ini tanımayıb və bundan sonra da tanımayacaq. Bütün beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir və rəsmi mövqelərində Azərbaycanın sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü tanıdıqlarını bəyan ediblər.

Bahar Muradova qeyd edib ki, qondarma “referendum” Azərbaycan Konstitusiyasının, beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır və ona görə də hər hansı hüquqi qüvvəsi ola bilməz.