YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Maroş Şefçoviç: Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı çox uğurlu keçib

Cənub Qaz Dəhlizi həm 40 milyard dollaradək dəyəri, həm də seqmentlərini təşkil edən layihələrlə dünyanın, əsasən də Avropanın maraq dairəsindədir.

Bu sözləri fevralın 23-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısına həsr olunan mətbuat konfransında energetika naziri Natiq Əliyev deyib. Nazir bildirib ki, bu gün Avropanın bir çox ölkəsinin diqqəti Bakıdadır. Cənub Qaz Dəhlizi həm 40 milyard dollaradək dəyəri, həm də seqmentlərini təşkil edən layihələrlə dünyanın, əsasən də Avropanın maraq dairəsindədir. Toplantıda iştirak edən müxtəlif maliyyə qurumlarının rəhbərləri layihəni dəstəklədiklərini və vəsait ayırmaqda maraqlı olduqlarını bildirdilər. Həmçinin də Cənub Qaz Dəhlizinin seqmentləri - Cənubi Qafqaz Boru Kəməri, "Şahdəniz-2" TANAP və TAP-ın icra vəziyyəti və gələcəkdə görüləcək işlər nəzərdən keçirildi. Bu layihələr Avropa Komissiyası tərəfindən daim dəstəklənir.

Natiq Əliyev deyib ki, Cənub Qaz Dəhlizinə qoşulmaq istəyən ölkələrin sayı artır. Yunanıstan və Bolqarıstan arasında qaz kəmərlərinin birləşdirilməsi "Cənub Qaz Dəhlizi" layihəsi üçün yeni perspektivlər açır. Həmin ölkələr layihəyə qoşulmaqda maraqlı olduğunu bəyan ediblər.

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç deyib ki, təmsil etdiyi qurum Azərbaycan təbii qazının 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılması üçün səylərini əsirgəməyəcək.

M.Şefçoviç bildirib ki, nazirlərin üçüncü toplantısı çox uğurlu keçib. Toplantıda "Cənub Qaz Dəhlizi" layihəsinin icra vəziyyəti və layihənin seqmentlərinin inkişafı müzakirə olunub. Əldə olunan uğurlu nəticələr, eləcə də qarşıya çıxan çətinliklər nəzərdən keçirilib.

"Biz TAP-la bağlı yaranan çətinliklərə dair İtaliya hökuməti və konsorsium iştirakçıları ilə daim danışıqlar və müzakirələr aparırıq. Çünki biz 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılmasında maraqlıyıq və bunun həyata keçirilməsi üçün çalışırıq", - deyə M.Şefçoviç əlavə edib.

ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqan qeyd edib ki, ölkəsi Avropanın enerji təhlükəsizliyinin Azərbaycan resursları ilə təmin olunmasında maraqlıdır.

R.Danniqan deyib ki, ABŞ nümayəndə heyətinin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında iştirakı yeni hökumətin də “Cənub Qaz Dəhlizi” layihəsinə dəstəyini nümayiş etdirir: "ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinə öz dəstəyini bundan sonra da davam etdirəcək. Əminəm ki, bu layihə Avropa ilə yanaşı, qlobal enerji təhlükəsizliyinə də öz töhfəsini verəcək".

Monteneqronun iqtisadiyyat naziri xanım Draqitsa Sekuliç isə bildirib ki, hazırda Avropada digər bir qaz boru kəməri layihəsinin - İon-Adriatikin həyata keçirilməsi üçün işlər görülür. Biz bu qaz boru kəməri layihəsi ilə Monteneqroya Azərbaycanın təbii qazının çatdırılmasında maraqlıyıq. Bu layihələr Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaq.