YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində biz Xocalıya dönəcəyik və Xocalı soyqırımının şahidləri Xocalının yenidən inşa edilməsinin şahidi olacaqlar

«Xocalı soyqırımı  25 il əvvəl baş versə də, bu gün törədilmiş kimi təzədir, acıdır və hər bir azərbaycanlının qəlbini sızıldadır. Xocalı faciəsi Azərbaycan xalqına qarşı törədilən soyqırımdır, amma eyni zamanda insanlığa qarşı törədilən bir cinayətdir. Bu hadisə bir neçə dövlətin silahlı birləşmələri və terror təşkilatları tərəfindən əvvəlcədən planlaşdırılmışdı və əsas məqsəd həm soyqırımı törətmək, həm də Azərbaycan xalqının ərazi bütövlüyünü qorumaq kimi haqlı davasında onu mənəvi qırılma nöqtəsinə gətirmək idi. Ancaq ermənilər buna nail ola bilmədilər». Bu fikirləri Milli Məclisin deputatı, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Hikmət Babaoğlu bildirib ki, hər bir millətin milli gücü iki komponentdə dəyərləndirilir. Bunlar milli gücün kəmiyyət və keyfiyyət ünsürləridir. Əgər bir millət öz mübarizəsində milli-mənəvi qırılma nöqtəsinə çatmayıbsa, o millət yaşayır. Onun sözlərinə görə, Azərbaycan xalqının 5 min illik dövlətçilik tarixi var və bu dövrdə heç bir qüvvə milli əzmimizi qıra bilməyib: «Ona görə də, bu gün varıq. Ermənilər bu məqsədlərinə nail olmayıblar və olmayacaqlar da. Əgər ermənilər öz məqsədlərinə nail olsaydılar Azərbaycan xalqı Mübariz İbrahimov, Fərid Əhmədov, Çingiz Qurbanov kimi  qəhrəmanlar yetişdirə bilməzdi. Bir neçə dövlətin hərbi birləşmələri və terror təşkilatlarının Azərbaycan xalqının ürəyində yaratmaq istədiyi xofu Mübariz İbrahimov təkbaşına ermənilərin ürəyində yaratdı. Amma fərq onda idi ki, qəhrəmanımız hansısa xalqa qarşı mübarizə aparmırdı və dinc insanları yox, torpağımızı işğal edən ordunun əsgərlərini öldürdü».

Millət vəkili qeyd edib ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində biz Xocalıya dönəcəyik və Xocalı soyqırımının şahidləri Xocalının yenidən inşa edilməsinin şahidi olacaqlar: «Bu gün  Cocuq Mərcanlıya qayıdışla əlaqədar aparılan quruculuq işləri  Xocalıda da baş verəcək».