YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə siyasətinin təhlil edildiyi kitabların təqdimatı keçirilir

Fevralın 25-də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitablarının təqdimatı keçirilir.

Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, tanınmış elm və mədəniyyət xadimlərinin, KİV təmsilçilərinin iştirak etdikləri tədbirdə torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni nəşrlərdə xarici mənbələrdən və tarixi faktlardan istifadə olunmaqla, erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin səbəb və nəticələri dolğun və sistemli şəkildə təhlil edilir, millətçi-şovinist siyasətin mahiyyəti yerli və xarici oxuculara çatdırılır.

Kitabların xüsusi əhəmiyyət kəsb etməsini şərtləndirən başlıca amillərdən biri də onların 8 dildə - Azərbaycan, türk, rus, ingilis, fransız, alman, ərəb və Çin dillərində nəşr olunmasıdır. Bu, təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması deyil, eləcə də Ermənistanın dövlət terrorizmi siyasətinin dünya ictimaiyyətinə daha geniş miqyasda çatdırılması və ifşa olunması baxımından çox önəmlidir.

“Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” adlı monoqrafiyada XX əsrin sonunda Ermənistanın Azərbaycana ərazi iddiaları və təcavüzkarlığı, o cümlədən 1988-1993-cü illərdə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti elmi mənbələrə əsasən araşdırılır. Xüsusilə XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı aktı bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biri kimi qiymətləndirilərək, bu soyqırımının tarixdə yaddaşlardan heç vaxt silinməyən Xatın, Ruanda, Srebrenitsa və Holokost kimi dəhşətli faciələrdən heç də geri qalmadığı diqqətə çatdırılır.

Kitabda 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı dinc azərbaycanlı əhaliyə qarşı törədilən vəhşiliklər xarici mənbələrə əsasən geniş təhlil edilir. Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri ən ağır cinayət kimi araşdırılır. Həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin strateji əhəmiyyətini şərtləndirən səbəblər öyrənilir.

“Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” adlı kitabda isə erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində XX əsrdə azərbaycanlıların 4 dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalması mənbələrə əsasən təhlil edilir. Monoqrafiyada erməni millətçilərinin ərazi iddiaları, azərbaycanlılara qarşı həyata keçirdikləri terror, etnik təmizləmə və soyqırımı siyasətindən bəhs olunur.

Nəşrdə 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş soyqırımlarının Bakı, Quba, Şamaxı ilə yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlının qətlə yetirilməsı elmi mənbələrə əsasən tədqiq edilir.

Kitabda xarici dillərdə Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinə dair sənədlər və xəritələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri haqqında məlumatlar və fotolar da yer alıb.

Hər iki kitabın buraxılışına məsul Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş direktoru Aslan Aslanov, elmi redaktoru “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Elçin Əhmədovdur.

Hər iki kitab tarixçilər, xarici siyasət məsələləri ilə məşğul olan mütəxəssislər, həmçinin geniş oxucu auditoriyası üçün dəyərli mənbədir.