YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Amsterdamda Xocalı soyqırımının 25 illiyi ilə bağlı mitinq keçirilib

Amsterdamın Kraliyyət sarayının qarşısındakı Dam meydanında Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Xocalı soyqırımının 25 ildönümü münasibətilə etiraz mitinqi keçirilib. Mitinqdə Avropanın bir çox ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və üzvləri, tələbələr, türk icmasının təmsilçiləri iştirak ediblər.

Tədbirdə “Xocalıya ədalət!”, “Qarabağ Azərbaycanındır!”, “Ermənistan, Azərbaycan torpaqlarından çıx!”, “Ya Qarabağ, ya ölüm!”, “Qarabağ bizimdir, bizim olacaq!” şüarları səsləndirilib.

Avropanın müxtəlif ölkələrindən gələn Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ingilis, holland, italyan, fransız və rus dillərində bildiriblər ki, Xocalı soyqırımı bütövlükdə insanlığa qarşı törədilmiş cinayətdir və bu cinayəti törədənlər ədalət mühakiməsi qarşısında cavab verməlidirlər. Nümayiş iştirakçıları Ermənistanın ölkəmizə qarşı təcavüzünə son qoyulmasını, Xocalı soyqırımına beynəlxalq birlik tərəfindən ədalətli siyasi-hüquqi qiymət verilməsini, xalqımızın məruz qaldığı terror və soyqırımı aktları törədənlərin cəzalandırılmasını tələb ediblər. Avropanın bəzi dairələrinin Xocalı soyqırımına və Dağlıq Qarabağ münaqişəsinə ikili standartlar mövqeyindən yanaşdığını təəssüf hissi ilə qeyd ediblər. Ermənistanın hazırkı rəhbərliyinin azərbaycanlılara qarşı aparılan hərbi əməliyyatların bilavasitə iştirakçısı olduğu vurğulanan mitinqdə “Bəs hanı beynəlxalq hüquq?”, “Haradadır həqiqət və ədalət?” kimi şüarlar səsləndirilib.

Qeyd edilib ki, BMT-nin məlum 4 qətnaməsinə hələ də riayət olunmayıb. Halbuki, Avropa dövlətləri istədikləri zaman hər hansı qətnamələrin icrasına qısa müddətdə nail ola bilirlər.

Türk icmasının nümayəndəsi daim Azərbaycanın yanında olduqlarını və ölkəmizi həmişə dəstəkləyəcəklərini bildirib.

Mitinqin təşkilatçıları turistlərə və yerli əhaliyə Xocalı soyqırımı ilə bağlı bukletlər paylayaraq bu faciə haqqında məlumat veriblər. Bildiriblər ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı birləşmələri Xocalı şəhərini mühasirəyə alaraq yerli sakinləri kütləvi qırğına məruz qoyublar. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 dinc sakinin qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 1275 nəfərin əsir götürülüb.

Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov Amsterdamda daha çox turistin olduğu üçün bu şəhəri seçdiklərini bildirib. O, Xocalıya ədalət tələb etdiklərini və gözlədikləri ədalətin tezliklə öz yerini tutacağına inandığını qeyd edib.

Almaniyadakı “Xəzər” Alman-Azərbaycan Cəmiyyətinin sədri, Etibar Qəniyev deyib ki, mitinq iştirakçılarının əsas məqsədinin Xocalı soyqırımını törədənlərin ədalət məhkəməsi qarşısında cavab vermələrinə və Xocalı qırğınının soyqırımı kimi tanınmasına nail olmaqdır. O, belə aksiyaların bütün Avropa ölkələrində keçiriləcəyini vurğulayıb. Xocalı soyqırımının artıq Avropanın 10 ölkəsində tanındığını, digər ölkələrdə, xüsusilə də Almaniyada bu faciəyə siyasi qiymət verilməsinə və tanınmasına nail olmaq üçün çalışdıqlarını diqqətə çatdırıb. Xocalı qırğınının soyqırımı kimi tanınması üçün Avropada yaşayan bütün azərbaycanlıların səfərbər olmasının əhəmiyyətinə toxunub.

Ukrayna Azərbaycanlılar Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev son illər Azərbaycan diaspor təşkilatlarının fəallaşmasının bu prosesə təkan verəcəyinə, cinayətkarların öz cəzalarını alacaqlarına əminliyini bildirib.

Finlandiya Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay qeyd edib ki, dünyanın hansı ölkəsində olmağımızdan asılı olmayaraq, Xocalı soyqırımının anım günündə bir yerdə olmaq hər birimizin borcudur. Biz birlikdə səsimizi qaldıraraq “Xocalıya ədalət!” kampaniyasına qoşulur və torpaqlarımızın azad olunmasını tələb edirik.

Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samirə Patzer–İsmayılova bildirib ki, bu il Xocalı soyqırımının 25 illiyi Avropanın bütün ölkələrində silsilə tədbirlər və aksiyalarla qeyd olunub. Mitinq iştirakçıları Xocalı qırğını haqqında müxtəlif dillərdə məlumat verib və Avropaya tələblərini səsləndiriblər. Azərbaycan Xocalıya ədalət tələb edir. “Xocalıya ədalət!” şüarını Avropa ölkələrinə, Avropa Parlamentinə, qitənin bütün siyasi qurumlarına ünvanlayaraq Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsini tələb edirik.

“Bu gün Azərbaycan bayraqları Amsterdamda dalğalanır, dünən həmin bayraqlar Təl-Əvivdə dalğalanırdı. Amma bu gün Azərbaycanın matəm günüdür. Bu günlərdə Azərbaycan bayrağı dünyanın bütün ölkələrində dalğalanır. İyirmi beş il əvvəl baş verən hadisələr unudulmamalıdır. Bu hadisələr insanlığa qarşı cinayətdir, uşaqları, qadınları, qocaları amansızcasına qətlə yetiriblər. Belə mitinqlər beynəlxalq komissiya yarananadək davam etməlidir. Beynəlxalq komissiya yaradılmalı, müdafiəsiz dinc insanları qətlə yetirənlər cəzalandırılmalıdır. Nə qədər belə komissiya yaranmayıb həqiqət üzə çıxmayacaq, təxribatlar, spekulyasiyalar davam edəcək. Xocalı qurbanlarının xatirəsi daim yaşayır. İyirmi beş il keçməsinə baxmayaraq, bu gün soyqırımı qurbanlarının xatirəsi dünyanın bütün ölkələrində yad edilir”. Bu sözləri isə Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü İosif Şaqal bildirib.

DİGƏR Xəbərlər Arxiv