YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səlim Müslümov: Azərbaycan qlobal iqtisadi böhran şəraitində işsizlik və yoxsulluğun artmasının qarşısının alınmasında digər ölkələrlə müqayisədə əhəmiyyətli nəticəyə nail olub

Azərbaycan Prezidenti cənab İlham Əliyevin qlobal iqtisadi və siyası çağırışlara adekvat olaraq həyata keçirdiyi uğurlu islahatlar kursu, dünya iqtisadiyyatında böhranın dərinləşdiyi 2016-cı ildə və cari ilin ötən dövründə ölkəmizin sosial-iqtisadi inkişafının davam etməsinə şərait yaratmaqla, əmək bazarında sabitliyin qorunub saxlanmasına, işsizlik və yoxsulluğun artmasının qarşısının alınmasına imkan verib. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə müsahibəsində vurğulayıb. Nazir bildirib ki, dövlət başçısının ilk növbədə milli sahibkarlığın dövlət tərəfindən dəstəklənməsi əsasında iqtisadi şaxələndirməni və qeyri-neft sektorunun sürətli inkişafını, bu sektor üzrə rəqabət qabiliyyətli və ixrac yönümlü məhsul istehsalının artımını nəzərdə tutan islahatlar paketi əmək ehtiyatlarından istifadənin genişləndirlməsini də stimullaşdırıb. Ötən il ölkədə 148 mini daimi olmaqla, 190 minə yaxın yeni iş yerinin açılması iqtisadi fəallığın və əmək bazarının qeyd olunan böhranın mənfi təsirlərindən qorunmasında mühüm faktor olub: “Xüsusən də dövlət başçısının sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünün müsbət nəticəsi kimi, dövlət təşkilatlarında 40 minədək iş yeri yaradılaraq bu barədə məşğulluq orqanlarına vakansiyalar təqdim edilib. Həmin vakant iş yerlərinə göndərişlərin verilməsində şəffaflıq tam təmin olunub. İlk növbədə işsiz və işaxtaran kimi uzun müddət qeydiyyatda olan, iş tapmaqda çətinik çəkən şəxslərin məşğulluğu diqqətdə saxlanılmaqla, bu və ya digər ixtisarlar nəticəsində sərbəstləşmiş işçi qüvvəsinin dərhal vakant iş yerlərində yerləşdirilməsi prosesi həyata keçirilib”.

          Dövlət başçısının əmək resurslarının səmərəli məşğulluğunun təminatı ilə bağlı müəyyən etdiyi vəzifəyə uyğun olaraq, nazirliyin məşğulluq orqanları tərəfindən aktiv məşğulluq tədbirləri ötən il daha da gücləndirilib, bu orqanlar vasitəsilə 2016-cı ildə əvvəlki illə müqayisədə 2 dəfədən çox, yəni 56 631 nəfərin məşğulluğu təmin edilib: “Görülən kompleks tədbirlərin müsbət nəticəsi kimi, bu gün Azərbaycanda işsizlik səviyyəsi əksər ölkələrlə, eləcə də ayrı-ayrı inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır. Belə ki, işsizlik səviyyəsi İspaniyada 19,6 faiz, Fransada 9,9 faiz, Finlandiyada 8,8 faiz, Xorvatiyada 12,8 faiz, Belçikada 8 faiz, Bolqarıstanda 7,7 faiz, Danimarkada 6,2 faiz, Latviyada 9,7 faiz, Litvada 8 faiz, Portuqaliyada 11,2 faiz, Slovakiyada 9,7 faiz, Sloveniyada 7,9 faiz, İsveçdə 6,9 faiz, Rumıniyada 6 faiz. Niderlandda 6 faiz və s. təşkil etdiyi halda, Azərbaycanda 5 faiz həddindədir”.

        Nazir bildirib ki, ölkəmizdə işçi qüvvəsinin, xüsusən də sərbəstləşmiş işçi qüvvəsinin dərhal vakant iş yerlərində işlə təminatı əmək haqları formasında ailə gəlirlərinin azalmasının qarşısının alınmasına imkan verib. Bu və digər tərəfdən, əmək haqları da daxil olmaqla bütün sosial ödənişlərin, o cümlədən sosial cəhətdən həssas qrupların maddi təminatlarının artırılması tədbirləri ümumən əhalinin alıcılıq qabiliyyətinin sabit saxlanmasına şərait yaradıb: “Aparılan sosial-iqtisadi siyasət ötən dövrdə yoxsulluğun kəskin şəkildə azaldılması sahəsində əldə olunmuş nailiyyətin də qorunub saxlanmasına imkan verib. Dünya ölkələrinin 2015-ci il üzrə aidiyyəti statistik göstəricilərinin təhlili Azərbaycanın dünya üzrə ən aşağı yoxsulluq göstəricisinə malik az sayda ölkələr sırasında olduğunu deməyə əsas verir. Bu göstərici ölkəmizdə 5,9 faiz səviyyəsində olduğu halda, məsələn, Macarıstanda 14,5 faiz, Portuqaliyada 19,5 faiz, Rumıniyada 25,4 faiz, Latviyada 22,5 faiz, Litvada 22,2 faiz, Yunanıstanda 21,4 faiz və s. səviyyəsindədir”.