YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vaşinqtonda ABŞ-Azərbaycan diplomatik münasibətlərinin 25-ci ildönümünün təntənəsi

Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü ilə əlaqədar Vaşinqtonda ziyafət təşkil edilib. Ziyafətdən əvvəl Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi ilə ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən ikitərəfli iqtisadi əlaqələrə və diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş illik konfrans keçirilib.

Ziyafətdə ABŞ administrasiyasının yüksək vəzifəli rəsmiləri, o cümlədən Ağ Evin, Dövlət Departamentinin, Müdafiə, Kommersiya, Enerji, Kənd Təsərrüfatı departamentlərinin təmsilçiləri, ABŞ Ticarət Palatasının rəsmiləri, Konqres üzvləri, Vaşinqtonda akkreditə olunmuş səfirlər, sabiq dövlət xadimləri, biznes dairələrinin, düşüncə mərkəzlərinin, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Bu nümayəndələrin ziyafətdə iştirakı Azərbaycanla ABŞ arasındakı tərəfdaşlıq münasibətlərinin müsbət dinamikasının göstəricisidir. Azərbaycan tərəfdən isə ziyafətdə İqtisadiyyat Nazirliyi, Dövlət Neft Şirkəti, Dövlət Neft Fondu, Dövlət Əmlak Komitəsinin, özəl şirkətlərin nümayəndələri iştirak ediblər.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ziyafətdə çıxış edərək iki ölkə arasındakı uğurlu əməkdaşlıqdan danışıb. O, Azərbaycanın ABŞ-la münasibətlərinə xüsusi əhəmiyyət verdiyini qeyd edib. Bu xüsusda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ilə əlaqədar həmin gün keçirilmiş konfrans iştirakçılarına ünvanladığı müraciəti xatırladıb. Səfir, həmçinin vurğulayıb ki, Azərbaycan tərəfi qarşılıqlı maraq və hörmət əsasında ikitərəfli münasibətləri daha da inkişaf etdirməyə hazırdır.

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bridcet Brink Azərbaycanla Birləşmiş Ştatlar arasında əməkdaşlığın əhəmiyyətindən danışıb. O, 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilmiş terror aktlarından sonra Azərbaycanın Birləşmiş Ştatlara dəstək verən ilk dövlətlərdən olduğunu xatırladıb. Hazırda çoxşaxəli əməkdaşlığa toxunan B.Brink xüsusilə enerji təhlükəsizliyini qeyd edib, dövlət katibi Reks Tillersonun ABŞ-ın Cənub Qaz Dəhlizinin reallaşmasına sadiq qaldığını, bu layihədə Azərbaycanın aparıcı rolunun təqdir edildiyini, layihənin Avropaya həqiqi şaxələndirmə, əlavə qaz mənbəyi və həcmi gətirdiyini vurğulayıb. Daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan B.Brink bu münaqişənin tezliklə həllinin vacibliyini qeyd edib, bunun həm Azərbaycana, həm də bütövlükdə regiona rifah gətirəcəyini vurğulayıb.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta çıxışında ölkəmizlə geniş sahədə əməkdaşlığın, o cümlədən iqtisadi və biznes əlaqələrinin vacibliyini qeyd edib.

Konqresdə Azərbaycan üzrə işçi qrupunun həmsədri Stiven Kohen çıxışında Azərbaycanla ABŞ arasında tərəfdaşlığın əhəmiyyətini qeyd edib, Azərbaycanın regiondakı vacib rolunu vurğulayıb. O, həmçinin ölkəmizin İsraillə əməkdaşlığını təqdir edib.

Nyu Hempşir ştatının keçmiş qubernatoru, Corc Buşun prezidentliyi dövründə Ağ Evin aparat rəhbəri və ABŞ-ın tanınmış siyasətçisi Con Sununu da Azərbaycanla əməkdaşlığı təqdir edib, ölkəmizin xüsusi əhəmiyyətli coğrafi mövqeyindən və Azərbaycanın ABŞ üçün strateji önəmindən danışıb, Azərbaycan-ABŞ tərəfdaşlığının dərinləşməsinin vacibliyini vurğulayıb.

Sonra Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin inkişafına töhfə vermiş nümayəndələrin mükafatlandırılması mərasimi keçirilib. Mükafatlandırılanlar Konqres üzvləri Stiven Kohen və Bill Şuster, ABŞ dövlət katibinin enerji məsələləri üzrə sabiq xüsusi elçisi Amos Hokştayn, Nyu Hempşir ştatının keçmiş qubernatoru Con Sununu, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, həmçinin Boeing, BP, Chevron, Paşa Bank və SOCAR şirkətlərinin nümayəndələri olublar.

Ziyafətdə iştirak edən qonaqlara Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Azərbaycan-ABŞ diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümü münasibətilə hazırlanmış xüsusi poçt markası hədiyyə edilib.