YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq Avrasiya Mətbuat Fondu cəbhə bölgəsindəki son hadisələrlə bağlı bəyanat yayıb

Beynəlxalq Avrasiya Mətbuat Fondu cəbhə xətti boyunca gərginliyin artmasından çox ciddi narahatlıq hissi keçirir və dünya ictimaiyyətini, beynəlxalq təşkilatları Ermənistanın artan bu kimi hərəkətlərinə qiymət verməyə çağırır.

Bəyanatda bildirilir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri, eləcə də ATƏT-ə üzv olan ölkələr bu məsələ ilə bağlı kəskin münasibətini bildirməlidir. “Bu gərgin vəziyyət yalnız cəbhə bölgəsində səngərdə dayanmış əsgərlərin deyil, dinc insanların da həlak olmasına səbəb olur. Bu isə atəşkəs dövründə riayət olunan bütün beynəlxalq prinsip və qaydaların pozulması, beynəlxalq sülh quruculuğu prosesinə ciddi təhlükə deməkdir”.

Bəyanatda vurğulanır ki, məhz bu səbəbdən beynəlxalq ictimaiyyət yaranmış vəziyyətə tezliklə reaksiya verməli, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların, görüşlərin intensivləşdiyi bir vaxta Ermənistan silahlı qüvvələrinin belə bir addım atmasını birmənalı şəkildə pisləməlidir: “Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyona yaxın vətəndaşımız uzun illərdir məcburi köçkün və qaçqın həyatı yaşamaqdadır. Dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq qurumlar nəhayət həqiqəti anlamalı və Cənubi Qafqazda demokratiyanın, insan haqlarının qorunmasında ən böyük maneə olan Ermənistana və separatçı rejimə qarşı sanksiyalar tətbiq etmək üçün konkret addımlar atmalıdır”.