YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Konqresmeni Xocalı faciəsini hərbi cinayət kimi xarakterizə edib

ABŞ-ın Texas ştatından olan konqresmen Cin Qrin Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı bəyanat verib.

Konqresmen C.Qrin bəyanatında 25 il əvvəl, fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalını işğal etdiyini və bu hücum zamanı yüzlərlə günahsız insanın öldürüldüyünü, yaralandığını və əsir götürüldüyünü qeyd edib.

Bəyanatda Xocalı faciəsi ilə bağlı beynəlxalq insan hüquqları təşkilatının hesabatına toxunularaq, bu dəhşətli hadisənin Ermənistan-Azərbaycan münaqişəsi dövründə ən böyük qətliam kimi xarakterizə olunması və Ermənistan silahlı qüvvələrinin beynəlxalq humanitar hüququn tələblərinə məhəl qoymadan bilərəkdən bu vəhşilikləri törətməsi ilə bağlı məqamlara istinad olunub.

Bununla yanaşı, Konqresmen Xocalının hazırda işğal altında olduğunu və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarının işğalını pislədiyini bəyan edib.

C.Qrin bəyanatında Xocalı faciəsini hərbi cinayət adlandıraraq, illər ötdükcə daha çox təşkilat və dövlətlərin Xocalıda Azərbaycan vətəndaşlarına qarşı törədilmiş vəhşilikləri tanıdığını bildirib.

Sonda Konqresmen Azərbaycanın ABŞ-ın güclü strateji tərəfdaşı və dostu olduğunu vurğulayaraq, həmkarlarını bu faciəni qeyd etdiyi bir zamanda ölkəmizlə birgə olmağa və işğal olunmuş torpaqlarımızda sülhün bərqərar olunması istiqamətində çalışmağa çağırıb.