YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyi və partiyanın Nəsimi rayon təşkilatının “Cocuq Mərcanlıdan Şuşaya” birgə layihəsi çərçivəsində gənclərin cəbhə bölgəsinə səfəri təşkil edilib

YAP Gənclər Birliyi və partiyanın Nəsimi rayon təşkilatının “Cocuq Mərcanlıdan Şuşaya” birgə layihəsi çərçivəsində fəal gənclərin Füzuli və Cəbrayıl rayonlarına səfəri təşkil edilib.

 Gənclər əvvəlcə Horadiz-Cocuq Mərcanlı yolunun kənarına həmişəyaşıl ağaclar əkiblər. Aksiyada fəallıq göstərən gənclər Cocuq Mərcanlı kəndində aparılan inşaat-quruculuq işlərində iştirak edəcəklərini deyiblər.

Gənclər sonra ön cəbhə xəttindəki səngərlərə gələrək burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanıblar. N saylı hərbi hissədə şəxsi heyətlə keçirilən görüşdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı qarşıdan gələn Novruz bayramı münasibətilə əsgərlərimizi təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb. O, Azərbaycan əsgərinin mərdlik və qəhrəmanlığından bəhs edərək bildirib ki, ötən ilin aprel ayında cəbhədə baş verən döyüşlərdə ordumuz öz gücünü, qüdrətini bir daha göstərdi. Azərbaycan əsgəri qələbə çalmaq əzmini sübut etdi.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov da çıxışında Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ordu quruculuğundan, Azərbaycan əsgərinin döyüş meydanındakı qəhrəmanlığından, şəxsi heyətin ruh yüksəkliyindən danışıb.

N saylı hərbi hissənin komandiri bu cür görüşlərin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbçilərin ruh yüksəkliyinin artırılmasında böyük rol oynadığını vurğulayaraq, qonaqlara minnətdarlığını bildirib.

Sonra bayram sovqatları, gənclərin əsgərlərə ünvanladıqları məktublar şəxsi heyətə təqdim edilib. Qonaqlar əsgərlərlə rəqs edib, birgə xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, “Cocuq Mərcanlıdan Şuşaya” layihəsində məqsəd YAP GB-nin üzvlərinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində sosial obyektlərin, evlərin bərpasında iştirakının təmin olunmasıdır. YAP Nəsimi rayon təşkilatının gənclər birliyinin fəal üzvlərinin bir qrupu Cocuq Mərcanlı kəndinin bərpasında iştirak etmək üçün könüllü inşaat dəstələri yaratmaq istədiklərini bildirib. Belə təşəbbüs və müraciətlər YAP Gənclər Birliyi və partiyanın Nəsimi rayon təşkilatı tərəfindən yüksək qiymətləndirilib. Bu günədək YAP Gənclər Birliyinin müxtəlif rayon təşkilatlarından mindən çox partiya fəalı bu təşəbbüsə qoşulub. Könüllü gənclərdən ibarət inşaat briqadaları Cocuq Mərcanlı kəndinin bərpası prosesində iştirak edəcəklər.