YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Fransa Senatının sədri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Parisdə Fransa Respublikası Senatının sədri Jerar Larşe ilə görüşüb.

Senatın binasının qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul və suvari dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Senatın sədri Jerar Larşe qarşıladı.

Dövlətimizin başçısı və Senatın sədri fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Prezident İlham Əliyev və Senatın sədri Jerar Larşe birgə foto çəkdirdilər.

Jerar Larşe Azərbaycan Prezidenti İlham Əliyevi Fransa Senatında görməkdən məmnun olduğunu dedi. O, belə səfərlərin ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğunu bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz arasında münasibətlərin, eləcə də parlamentlərarası əlaqələrin çox yüksək səviyyədə olduğunu vurğuladı. Dövlətimizin başçısı bir neçə gün əvvəl Bakıda Fransa Senatının bir qrup üzvünü qəbul etdiyini, dünən isə MEDEF-in üzvləri ilə çox səmərəli görüş keçirdiyini xatırlatdı.

Jerar Larşe 2014-cü ildə Senatda xanım Mehriban Əliyeva ilə Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun sədri kimi görüşdüklərini xatırlatdı, bu görüşün böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. O, belə görüşlərin ölkələrimiz arasında münasibətlərin inkişafına güclü təkan verdiyini, Azərbaycan-Fransa əlaqələrinin strateji istiqamətdə inkişaf etdiyini bildirdi.

Senatın sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərlə maraqlandı.

Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın qəti mövqeyini diqqətə çatdırdı. Münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanda olan fransalı senatorların Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər etdiklərini və kəndin ermənilər tərəfindən necə dağıdılmasının şahidi olduqlarını vurğuladı. Azərbaycan Prezidenti gərginliyin mövcudluğunun regiona ziyan vurduğunu bildirdi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdən sonra Prezident İlham Əliyev Senatın qızıl kitabını imzaladı.