YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Song Jingüu: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir

Martın 14-də Milli Məclisdə Çin Xalq Respublikasının xarici ölkələrlə Çin Dostluq Cəmiyyətinin sədr müavini Song Jingüunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Azərbaycan-Çin əlaqələrinin çoxşaxəliliyindən məmnunluq ifadə olunub.

Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri, Azərbaycan-Çin parlamentlərarası dostluq qrupunun rəhbəri Siyavuş Novruzov bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ticari, iqtisadi, siyasi əlaqələri daha da genişlənib.

Komitə sədri vurğulayıb ki, Azərbaycan-Çin əlaqələrinin dərin tarixi kökləri var. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Çinə rəsmi səfəri, orada keçirdiyi yüksək səviyyəli görüşlər və apardığı danışıqlar müasir dövrdə ölkələrimiz arasında əlaqələrin əsasını qoyub. Prezident İlham Əliyevin Çinə səfərlərini xatırlayan komitə sədri deyib ki, bu səfərlər ikitərəfli münasibətlərin genişlənməsinə xüsusi töhfə verib.

Siyavuş Novruzov parlamentlərarası, o cümlədən Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasındakı əlaqələrdən də danışıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan komitə sədri qeyd edib ki, 20 ildən çoxdur Azərbaycan torpaqlarının 20 faizi erməni silahlı qüvvələri tərəfindən işğal olunub, bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarından didərgin düşüb. Münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi hələ də Ermənistan tərəfindən icra olunmayıb.

Təhsil əlaqələrindən danışan S.Novruzov vurğulayıb ki, Azərbaycanın bir çox universitetlərində Çin dili tədris olunur. Çindən gələn tələbələr ölkəmizdə, azərbaycanlı tələbələr isə Çinin bir sıra universitetlərində təhsil alırlar.

Sədr müavini Song Jingüu qeyd edib ki, hər iki ölkənin rəhbərlərinin səyləri nəticəsində hazırda dostluq münasibətləri bütün sahələri əhatə edir. Siyasi baxımdan ölkələrimiz arasında inam və etimad mövcuddur.

Qonaq bildirib ki, bu il Çin ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümüdür və Pekin şəhərində bu münasibətlə böyük ziyafət keçiriləcək.

Song Jingüu Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Çin Xalq Respublikasının mövqeyini bir daha təsdiqləyərək vurğulayıb ki, biz problemin Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında, beynəlxalq hüquq normalarına uyğun həll edilməsinin tərəfdarıyıq. İnanırıq ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri tezliklə icra olunacaq.