YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Xəlil Karzai: Əfqanıstan 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi qərarını dəstəkləyir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanın xarici işlər nazirinin müavini Hikmət Xəlil Karzai ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Əfqanıstan arasında dostluq və əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. İki ölkənin rəhbərləri arasında yüksək səviyyəli dialoqun və bu xüsusda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində görüşünün əlaqələrin inkişafına xüsusi təkan verdiyi qeyd olunub.

Nazir Elmar Məmmədyarov Azərbaycanın 2017-ci il üzrə “Asiyanın Qəlbi – İstanbul Prosesi”nə həmsədrlik funksiyasını öz üzərinə götürdüyünü diqqətə çatdıraraq, martın 17-də İstanbul Prosesində iştirak edən dövlətlərin yüksək vəzifəli rəsmilərinin Bakıda keçiriləcək iclasının bu təşəbbüsə töhfə verəcəyinə əminliyini ifadə edib.

Nazir müavini Hikmət Karzai ölkəsinin İstanbul Prosesinə xüsusi əhəmiyyət verdiyini qeyd edib. Azərbaycanın 2017-ci il üzrə İstanbul Prosesinə həmsədrlik etməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Hikmət Karzai Əfqanıstanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyini bildirib. O, Əfqanıstanın Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi təşəbbüsünü tam şəkildə dəstəklədiyini qeyd edib, ölkəsinin idmançılarının İslam Həmrəyliyi Oyunlarında yaxından iştirak edəcəyini deyib.

Söhbət zamanı, həmçinin Azərbaycanın NATO-nun Qətiyyətli dəstək missiyasına verdiyi töhfəsi də təqdir olunub.

Görüşdə ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi, nəqliyyat, elm-təhsil, təlim və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.