YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Jan-Mark Ero: Fransa Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində vasitəçilik səylərini davam etdirəcək

Azərbaycan Respublikası və Fransa Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Elmar Məmmədyarov fransalı həmkarına ünvanladığı məktubunda ötən dövr ərzində Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, regionlararası, habelə mədəniyyət və təhsil sahələrindəki əməkdaşlıqdan məmnun olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfərinin ölkələrimiz arasında ən yüksək səviyyədə qarşılıqlı maraq və etimada əsaslanan siyasi dialoqun keyfiyyətindən xəbər verdiyini diqqətə çatdırıb.

İki ölkə arasında uğurlu əməkdaşlıq layihələrini qeyd edən nazir Elmar Məmmədyarov Bakı Fransız Liseyi, Azərbaycan-Fransız Universiteti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi arasında imzalanmış regionlararası əməkdaşlıq sahəsində Anlaşma Memorandumu kimi layihələrin dövlətlərimiz və xalqlarımız arasında dostluğun daha da gücləndirilməsinə xidmət edəcəyini bildirib.

Fransa xarici işlər naziri Jan-Mark Ero Elmar Məmmədyarova ünvanladığı məktubunda ötən 25 ilin iki ölkə arasında əlaqələrin siyasi, iqtisadi və mədəniyyət sahələrində daimi inkişafı ilə yadda qaldığını bildirib.

Azərbaycan və Fransanın əldə etdiyi çoxlu sayda birgə nailiyyətlərdən bəhs edən nazir Jan-Mark Ero 2016-cı ildə ölkəmizdə yaradılmış Azərbaycan-Fransız Universitetinin iki ölkənin dinamik əməkdaşlığının hər bir səviyyədə canlı simvolu olduğunu qeyd edib.

Fransalı nazir, həmçinin ölkəsinin ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində vasitəçilik səylərini davam etdirəcəyini vurğulayıb.