YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbülfəs Qarayev: Azərbaycanın turizm sənayesi yeni mərhələyə qədəm qoyub

Bakıda “Iteca Caspian” şirkəti və onun Böyük Britaniyadan olan tərəfdaşı “ITE Group” şirkətinin təşkilatçılığı ilə 16-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər - AITF 2017 sərgisi öz işinə başlayıb.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanda artıq bu turizm sərgisinin keçirilməsi ənənə halını alıb: "Bu sərgi regionun ən böyük turizm sərgisidir. Sərgi artıq dünya ictimaiyyətinin marağına səbəb olub, Azərbaycanın turizm sənayesi özünün yeni mərhələsinə qədəm qoyub. Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları, Formula 1, Bakı Ticarət Festivalının keçirilməsi Azərbaycanın turizm inkişafına daha da təkan verəcək".

Nazir Prezident İlham Əliyevin turizm sənayesi üzrə imzaladığı son sərəncamlarının da bu sahənin inkişafına xüsusi töhfə verəcəyini bildirib.

Xatırladaq ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək sərgi aprelin 8-də yekunlaşacaq.

AITF sərgisi, həmçinin BMT-nin Ümumdünya Turizm Təşkilatı (ÜTT) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (ASOTA) kimi beynəlxalq strukturlar tərəfindən dəstəklənir. Bu il sərgidə müxtəlif turizm istiqamətləri, hava yolları və mehmanxana şəbəkələri, eləcə də turizm sahəsinin digər xidmət növləri təqdim ediləcək. İştirakçılar arasında Azərbaycan, İtaliya, İsveçrə və bir sıra digər ölkələri təmsil edən şirkətlər yer alır. Ənənəvi olaraq, sərgidə milli və regional stendlər də iştirak edir. Belarus, Çexiya, Dominikan Respublikası, Gürcüstan, Mərakeş və Tailand kimi ölkələr sərgidə milli stend, Sloveniya və Stavropol vilayəti isə regional stendlə iştirak edəcəklərini təsdiq ediblər. Bu il ilk dəfə olaraq, Kolumbiya və Kubanın Azərbaycandakı səfirliklərinin dəstəyi ilə Kolumbiya və Kuba kimi ölkələr öz turizm imkanlarını Azərbaycan sərgisində nümayiş etdirəcəklər. Xarici debütantlar arasında Böyük Britaniya, İtaliya və Çini təmsil edən turizm şirkətləri də var.

Azərbaycanın, eləcə də ölkə regionlarının, o cümlədən Qarabağ bölgəsinin daxili turizm potensialı bütün çalarları ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin stendində təqdim ediləcək.

Sərgi çərçivəsində vorkşop keçiriləcək və bu tədbir aparıcı yerli turizm şirkətləri ilə işgüzar əlaqələr qurmaq və vasitəçi olmadan birbaşa danışıqlar aparmaq imkanı yaradacaq.

AITF sərgisi ilə yanaşı, regionda hotel və restoran sənayesinin yeganə ixtisaslaşmış tədbiri olan 11-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar “Horex Caucasus 2017” sərgisi də keçiriləcək.