YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Müəyyən qüvvələr Rusiya ilə Azərbaycan arasında münasibətlərə xələl gətirmək istəyir

«Rusiyada fəaliyyət göstərən Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin Ali Məhkəməyə müraciəti etməsi Azərbaycan cəmiyyətində ciddi narahatlıq doğrur. Rusiyada  hansısa qüvvələr iki ölkə arasında əməkdaşlıq, dostluq  münasibətlərinə bir xələl gətirmək istəyirlər. Bu məqsədlə belə bir məsələ ortaya atılıb». Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

S.Novruzov bildirib ki, Ümumrusiya Azərbaycan Konqresi hər zaman Rusiyanın ən çətin zamanlarında dövləti müdafiə edib, öz mövqeyini ortaya qoyub. Onun sözlərinə görə,  Azərbaycan dövləti də Rusiya ilə sıx əlaqələrə malikdir.

«Azərbaycanda 300-dən artıq rusdilli  məktəb, universitetlər, eləcə də digər ali məktəblərin filialları fəaliyyət göstərir. Azərbaycan hər zaman bu məsələyə diqqət və həssaslıqla yanaşıb. Ölkəmiz Ermənistan istisna olmaqla  öz qonşuları ilə yüksək münasibətlər qurulmasının tərəfdar olub.  Azərbaycan Prezidenti hər zaman bu siyasəti yürüdüb. Lakin bu gün bu cür məsələrin ortaya atılması, hanısa qüvvələrin bu məsələləri qızışdırması, iki ölkə və onların vətəndaşları arasında narazılığına səbəb olur. Bu baxımdan hesab edirəm ki, Milli Məclisdə təmsil olunan  dostluq qrupunun üzvləri və digərləri məsələnin müsbət həllinin tapılması üçün qarşı tərəfə müraciət etməlidirlər. Bu hərəkəti edənlər başa düşməlidir ki, iki ölkə arasında münasibətlər hər zaman yüksələn xəttlə inkişaf edir. Azərbaycan regionda əhəmiyyətli rol oynayır. Ölkəmiz Rusiya ilə Türkiyə münasibətlərinin yaxşılaşmasında mühüm rol oynayıb.  Bu münasibətlərin yaxşılaşdırılması üçün Azərbaycan Prezidentinin rolunu hər iki dövlət yüksək qiymətləndirib. Belə olan halda,  Ümumrusiya Azərbaycan Konqresinin ləğv olunmasını gündəmə gətirməklə iki ölkələr arasında narazılıq yaratmaq doğru deyil»- deyə, S.Novruzov vurğulayıb.