YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir Vitold Vaşçıkovski: Polşa Azərbaycan ilə əməkdaşlığa mühüm əhəmiyyət verir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşaya səfəri çərçivəsində polşalı həmkarı Vitold Vaşçıkovski ilə görüşüb

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan və Polşa arasında ikitərəfli münasibətlərin hazırkı durumundan məmnunluq ifadə olunub, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi yollarına dair fikir mübadiləsi aparılıb. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına töhfə verdiyi qeyd olunub.

Bildirilib ki, bu il Azərbaycan ilə Polşa arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd olunur və bu müddət ərzində tərəflər arasında 35 sənəd imzalanıb, 12 sənəd layihəsi baxılmaqdadır.

Nazirlər iki ölkə arasında əməkdaşlığı inkişaf etdirmək üçün Hökumətlərarası Komissiyanın və Azərbaycan-Polşa parlamentlərarası dostluq qrupunun fəaliyyətini, eləcə də mütəmadi əsasda keçirilən XİN-lərarası siyasi məsləhətləşmələri təqdir ediblər.

Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, xüsusən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin iqtisadi faydalılığı və perspektivlərindən söz açıb və Polşanın da bu marşrutların imkanlarından faydalana biləcəyini diqqətə çatdırıb.

Vitold Vaşçıkovski ölkəsinin Azərbaycan ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini bildirib və adıçəkilən nəqliyyat dəhlizlərinin cəlbedici olduğunu vurğulayıb.

Görüşdə, həmçinin iki ölkə arasında müdafiə sənayesi və dəniz nəqliyyatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün aidiyyəti nazirlərin qarşılıqlı səfərlərinin təşkil edilməsi və danışıqların aparılması məsələsi müzakirə olunub.

Söhbət əsnasında Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında həmsöhbətinə məlumat verib və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə, münaqişənin bu prinsiplər əsasında həllində dəstək nümayiş etdirdiyinə görə Polşa tərəfinə təşəkkürünü ifadə edib. Nazir bütün münaqişələrə vahid yanaşma və prinsiplərin tətbiq edilməsinin vacibliyini də xüsusi vurğulayıb.

Tərəflər iki ölkə arasında birbaşa uçuşların həyata keçirilməsi və turizmin inkişafı məsələlərini nəzərdən keçiriblər.

Vitold Vaşçıkovski beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin vacibliyini qeyd edib.

Nazirlər Azərbaycan və Avropa İttifaqı münasibətlərinə də toxunublar. Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığa dair sazişin hazırlanması üçün Avropa İttifaqı Şurası tərəfindən verilən mandatın təqdir edildiyini deyən Elmar Məmmədyarov sözügedən sazişin imzalanmasının Azərbaycan və Aİ arasında hərtərəfli tərəfdaşlığın inkişafı üçün mühüm zəmin yaradacağına əminlik ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər müzakirə edilib. Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.