YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Aprelin 21-də Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib.

İclasda “Uşaq hüquqları haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib.

Komitənin sədri Aqiyə Naxçıvanlı bildirib ki, qanun layihəsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununu 2015-ci il 15 may tarixində qəbul olunmuş “Reklam haqqında” Qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Qanun layihəsinə olunan bu əlavələr uyğunlaşdırma xarakteri daşısa da uşaq qanunvericiliyinin təkmilləşməsi, uşaqların sağlamlığının qorunması, pis vərdişlərdən uzaq tutulması, onların təhlükəsizliyinin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, mütəmadi olaraq Prezident İlham Əliyev tərəfindən uşaqlarla bağlı qanunvericiliyə edilən əlavə və dəyişikliklər bir daha sübut edir ki, uşaqların hüquqlarının hər şeydən üstün tutulması dövlətin ali məqsədlərindən biridir.

Bu məqsədlə “Uşaq hüquqları haqqında” Qanuna “Reklamda uşaqların müdafiəsi” yarımbaşlıqla 11-1-ci maddə əlavə edilir. Bildirilib ki, uşaqlara mənəvi və fiziki baxımdan zərərli təsirlərin qarşısını almaq məqsədi ilə reklamda müəyyən qadağalar olunur. Həmin qadağalara valideynin, qəyyumların, himayəçilərin, tərbiyəçilərin və başqa şəxslərin nüfuzuna xələl gətirən, onlara olan etibarı zəiflədən məlumatların verilməsi, başqa şəxsə münasibətdə kobudluğun, nifrət hissinin, təcavüzkarlığın, zərərli vərdişlərin aşılanması, qüvvətləndirici və fərqləndirici sözlər vasitəsilə ailənin maddi vəziyyətindən asılı olmayaraq əmtəənin əldə edilməsinin mümkünlüyü fikrini yaratmaqla, valideynlərin və başqa şəxslərin bu əmtəəni almağa vadar edilməsinə yönəldilmiş məlumatlar, həyat və sağlamlıq üçün təhlükəli olan hərəkətləri nümayiş etdirməklə, onların təkrarlanmasına sövqetmə və sairə daxildir.