YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Murad Abdullayev: Məşğulluğun artırılması baxımından sənaye məhəllələrinin yaradılması böyük əhəmiyyət kəsb edir

«Ölkəmizdə reallaşdırılan sənayeləşmə siyasətinə uyğun olaraq, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənayenin inkişafına yeni təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə sənaye və texnologiyalar parkları, həmçinin sənaye məhəllələri yaradılır. Bu fikri İqtisadiyyat Nazirliyinin sənaye şöbəsinin müdiri Murad Abdullayev deyib.

M.Abdullayev bildirib ki, hazırda ölkəmizdə Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Qaradağ Sənaye parkları fəaliyyət göstərir, Mingəçevir və Pirallahı sənaye parklarının təşkili istiqamətində işlər aparılır. Sumqayıt Kimya Sənaye Parkının ərazisində mövcud layihələr üzrə rezidentlər tərəfindən 1,2 milyard ABŞ dolları həcmində investisiyanın yatırılması və 2000-ə yaxın iş yerinin açılması nəzərdə tutulur. 7 hektar sahəni əhatə edən Balaxanı Sənaye Parkında 22 milyon manat investisiya ilə tullantıların təkrar emalı üzrə 5 müəssisənin fəaliyyətə başlaması və bu müəssisələrdə 400-ə yaxın yeni iş yerinin açılması planlaşdırılır. Onun sözlərinə görə, indiyədək Qaradağ Sənaye Parkına 470 milyon dollar investisiya qoyulub ki, bu da  2000 nəfərin daimi işlə təmin olunmasına imkan verir. Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən ayaqqabı, tibbi kosmetika, iplik, boyama, toxuma, tikiş və corab istehsalı üzrə 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu və 5500-dən çox yeni iş yerinin açılması nəzərdə tutulur.

«Məşğulluğun və məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından sənaye məhəllələrinin yaradılması böyük əhəmiyyət kəsb edir. Neftçala Sənaye Zonasında polietilen boru və modul tipli məktəb binalarının istehsalı ilə məşğul olan 2 müəssisə artıq fəaliyyətə başlayıb, balıq yemi, karton stəkan və kənd təsərrüfatı təyinatlı qurğular istehsal edəcək 3 müəssisənin cari ilin ilk yarısında fəaliyyətə başlaması nəzərdə tutulur. Balıq konservi istehsal edən "Azprodukt" MMC-nin və avtomobil istehsal edən "Azeurocar"ın 2017-ci ilin sentyabr ayında, plastik tara istehsalı müəssisəsi "Metak"ın bu ilin iyulunda fəaliyyətə başlaması planlaşdırılır. Bu müəssisələr üzrə təqribən 45 milyon manatdan çox investisiya qoyulacaq, 500-dən çox yeni iş yerləri yaradılacaqdır»- deyə, M.Abdullayev qeyd edib.