YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilk dəfə Beynəlxalq Angin Festivalında təmsil olunub

Yaponiyanın İto şəhərində təşkil edilən 68-ci Beynəlxalq Angin Festivalının baş mərasimində Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Beynəlxalq Angin Festivalı Yaponiya ilə Böyük Britaniya, Niderland, ABŞ və Meksika arasında dənizçilik əlaqələrinin qurulmasında mühüm rol oynamış ingilis dənizçisi və səyyahı Vilyam Adamsın şərəfinə təşkil edilir. V.Adams 1600-cü ildə Yaponiyaya səyahət edən ilk ingilis dənizçisidir. Yaponiyada Miura Angin adı ilə tanınan V.Adams qısa müddətdə syoqun Tokuqava İyesunun məsləhətçisi təyin olunub. Məhz onun Avropa nümunəsi əsasında inşa etdiyi gəmilərlə yaponlar ilk dəfə ABŞ və Meksika sahillərinə səyahət ediblər. Bundan əlavə, V.Adams Yaponiya ilə Niderland və Böyük Britaniya arasında da ticarət əlaqələrinin qurulmasında mühüm rol oynayıb.

Tokioda məhəllə (Angin-tyo), kənd və Yokosuka şəhərində dəmir yolu stansiyası Miura Anginin şərəfinə adlandırılıb. Hər il avqustun 10-da İto şəhərində V.Adamsın şərəfinə Beynəlxalq Angin Festivalı keçirilir. Yaponiyanın İto şəhəri ilə İsmayıllı rayonu arasında dostluq mübadiləsi haqqında imzalanmış sazişə əsasən bu il ilk dəfə Azərbaycan nümayəndə heyəti də ölkəmizin Yaponiyadakı səfiri Gürsel İsmayilzadənin rəhbərliyi ilə festivalda iştirak edib. Nümayəndə heyətinə İsmayıllı Rayon Təhsil şöbəsinin müdiri Rasim Orucov və bu rayondan “Homstay” proqramı ilə İtoya qonaq gəlmiş məktəblilər daxil edilib.

Festivalda iştirak etmək üçün İto şəhərinə gələn Yaponiya Xarici İşlər Nazirinin müavini Takano Makino Azərbaycan nümayəndə heyəti ilə görüşüb. Cari ilin aprelində Azərbaycana səfərini xatırladan nazir müavini ölkəmizdən xoş təəssüratla qayıtdığını bildirib.

Beynəlxalq Angin festivalının açılışında çıxış edən İto şəhərinin meri Hiromi Tsukuda, şəhər parlamentinin sədri Nişimura Akira, Xarici İşlər Nazirinin müavini Takano Makino festival iştirakçılarının salamlayıblar.

Vurğulanıb ki, Beynəlxalq Angin Festivalı Yaponiya ilə dostluq əlaqələrində olan müxtəlif xalqların nümayəndələri arasında mehriban əməkdaşlığın, səmimi münasibətlərin daha da möhkəmlənməsində, onların həm yapon xalqının, həm də bir-birinin mədəniyyətini, adət-ənənələrini öyrənməsində mühüm əhəmiyyət kəsb edir.

Mərasim iştirakçıları təmsil etdikləri ölkələrin adından V.Adamsın səhnədə qoyulmuş portreti önünə gül çələngi qoyublar.

Bədii proqramla davam edən festival atəşfəşanlıqla başa çatıb.

 

 

DİGƏR Xəbərlər Arxiv