YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qorxmaz Hüseynov: İçməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində mühüm layihələr həyata keçirilir

Bu ilin birinci rübündə istehlakçılara 57 milyon kubmetr su verilib, 41 milyon kubmetr kanalizasiya xidmətləri göstərilib. Hesabat dövründə 38,4 kilometr içməli su xətləri, 71 kilometr kanalizasiya xətləri çəkilib, 3 su anbarı tikilib, 6 subartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində 70 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 69 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Beləliklə, fasiləsiz rejimdə su təchizatı səviyyəsi ölkə üzrə 65,9 faiz, Bakı şəhəri üzrə isə 80,8 faiz təşkil edib.

“Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, bu barədə ASC-də 2017-ci ilin yanvar-mart ayları üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda məlumat verilib.

İclasda çıxış edən ASC sədri Qorxmaz Hüseynov bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində 2017-ci ilin birinci rübündə ölkəmizdə dinamik inkişaf təmin olunub. Qlobal iqtisadi böhranın təsirlərinə baxmayaraq, sosial və infrastruktur layihələrinin icrası davam etdirilib.

Səhmdar Cəmiyyətin sədri bu il martın 14-18-də Bakıda keçirilmiş Birinci Bakı Beynəlxalq Su Həftəsini və Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illik yubileyini əhəmiyyətli hadisələr kimi qiymətləndirib, bu tədbirlərin su sektorunda mövcud problemlərin öyrənilməsi və onların həlli yollarının müəyyənləşdirilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Q.Hüseynov içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində mühüm layihələrin həyata keçirildiyini vurğulayaraq deyib: “Cari ilin birinci rübündə Saatlı şəhərinin su təchizatı sistemlərinin yenidən qurulması işləri başa çatıb və Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib. Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin davam etdirilməsi məqsədilə Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, 22 rayonun 267 min nəfərdən çox əhalisi olan 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemlərinin qurulması üçün “Azərsu” ASC-yə 14 milyon manat ayrılıb. Hacıqabul rayonunun Navahı qəsəbəsində yeni su təchizatı sistemləri yaradılıb və 2300 nəfərin içməli su təchizatı yaxşılaşdırılıb. Əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədilə Zərdab, Hacıqabul və Şamaxı rayonlarında suvarma layihələrinin icrasına başlanılıb”.

“Azərsu” ASC-nin sədr müavinləri Etibar Məmmədov və Köçərli Həsənov, İşlər İdarəsinin rəisi Möhsün Quliyev, Mərkəzi Laboratoriyanın müdiri Elçin Əliyev, Nərimanov rayon Sukanal İdarəsinin rəisi Rövşən Əliyev müvafiq sahələr üzrə 2017-ci ilin yanvar-mart ayları ərzində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə hesabat veriblər.

Səhmdar Cəmiyyətin sədri Qorxmaz Hüseynov iclasa yekun vuraraq, görüləcək işlər və qarşıda duran vəzifələr barədə tapşırıqlar verib. Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlərin davam etdiriləcəyini deyən ASC sədri bundan sonra da yeni texnologiyaların tətbiqi ilə bağlı tədbirlərin görülməsinin vacibliyini bildirib. Qeyd olunub ki, iqtisadi səmərəliliyin artırılması, abunəçilərlə işin təkmilləşdirilməsi, sayğaclaşma işlərinin sürətləndirilməsi və digər məsələlər diqqətdə saxlanılmalıdır. Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunları, “Formula 1” yarışları ilə əlaqədar, idman yarışlarının keçiriləcəyi yerlərdə, turizm və iaşə obyektlərində içməli su və kanalizasiya sistemlərinin normal fəaliyyəti tam təmin olunmalıdır.