YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Süni intellekt dünyanın üzləşdiyi təhlükələrdəndir

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qurumun yaz sessiyasında müasir texnoloji inkişafdan və onun bəzi mənfi təsirlərindən danışıb. Bildirib ki, Dünya İqtisadi Forumunun illik “Global Risk” hesabatında süni intellektin dünyanın üzləşdiyi təhlükələrdən biri olduğu qeyd edilir. Ekspertlər son illərdə texnologiyaların inkişafını geosiyasi sabitlik, iş təhlükəsizliyi və sosial münasibətlər üçün təhlükə kimi qeyd edirlər.

Deputat elm və texnologiyanın inkişafının bəşəriyyətin inkişafına əvəzsiz töhfələr gətirdiyini və insanın həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət etdiyini bildirərək bu inkişafın insan hüquqlarını və ləyaqətini qoruyan, insanın şəxsi həyatına müdaxilə etməyən demokratik inkişaf olmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, bəzi ekspertlər süni intellekt və avtomatlaşdırılmanın insanların öz iş yerlərini itirməsinə aparmasından narahatdırlar. Yalnız ABŞ-da 250 mindən çox robot insanlar üçün nəzərdə tutulmuş işi yerinə yetirir. Dünyanın texnologiyalarının 90 faizini istehsal edən Şərq ölkələrində vəziyyət necə olacaq? Bu rəqəmlər hər il artır.

Milli Məclisin deputatı, eyni zamanda, süni intellektin müharibə şəraitində istifadə olunmasının fəsadlarından danışıb. Minlərlə insanın həyatını xilas edərək, özünü idarə edən və müəyyən ağıla nail olan silah, eyni zamanda, öz yaradıcıları üçün də itkilər gətirər. Bu cür silahlar düşməndən başqa günahsız insanları də asanlıqla məhv edə bilər. Ona görə süni intellektli robotlara insan dəyərlərinin inteqrasiyası böyük təhlükə yaradır. Gerçək və yanlış amillərin araşdırılması göstərir ki, əgər insanlar hələ də bəşəriyyətə bəlalar gətirə bilirsə, süni intellekt də bəlalar yarada bilir. Ona görə, müasir texnologiyaların insana müsbət və mənfi təsir göstərməsi yalnız insanların əlindədir və onların özlərindən asılıdır.