YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

«Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyətinin rolu» mövzusunda konfrans keçirilib

Bu gün  «Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyətinin rolu» mövzusunda konfrans keçirilib. Tədbirdə  çıxış edən Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov bildirib ki, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) reallaşdırılması üçün gördüyü işlər BMT tərəfindən yüksək qiymətləndirilib. Baş nazirin müavini deyib ki, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin 2015-ci ilin sentyabrında keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün təsdiqlənən, 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub.

Əli Əhmədov bildirib ki, bəşəriyyət inkişafın kifayət qədər yüksək mərhələsinə çatmasına baxmayaraq, dünyada layiqli insan həyatını təmin etmək üçün ciddi problemlər var. Onun sözlərinə görə, BMT-nin hesablamalarına əsasən, dünyada bir milyard insan normal qidalanmaqdan məhrumdur: «İşsizlik dünyanın bəzi qitələrində ciddi problem yaradır, on milyonlarla insan işsizlikdən əziyyət çəkir və təbii ki, bu da onların normal qidalanmasına birbaşa təsir göstərir. Xəstəliklər ayrı-ayrı bölgələri ciddi narahat edən bir faktordur. Bəzi ölkələrdə insan ömrü 50-55 yaş arasındadır. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri proqramında bu problemlərin 2030-cu ilə qədər həll edilməsi nəzərdə tutulur”.

Baş nazirin müavini bildirib ki, qlobal problemlər, aclıq, yoxsuluq, işsizlik daha çox təbii sərvətləri zəngin olan ölkələrə aiddir: “Afrika, Asiyanın bir sıra  ölkələri bu sərvətlərin onların inkişafına xidmət etməsindən məhrumdurlar. Bir milyarda qədər insan gündə bir dollarla yaşamağa məhkumdur. Ancaq Avropa İttifaqında minimum əmək haqqı saatda 8 avrodur. Görün, nə qədər böyük fərq var. Bu, insanların fəaliyyətinin nəticəsi olaraq yaranmış fərqlərdir. BMT-nin hazırladığı bu proqram bütün dünya ölkələri üçün nəzərdə tutulur. Ancaq ayrı-ayrı ölkələr qarşısında duran məqsədlər fərqlidir. Yəni inkişaf etməmiş, inkişaf etməkdə olan və inkişaf etmiş ölkələrin qarşısında duran məqsədlər fərqlidir”.

Baş nazirin müavini bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı ildə imzaladığı müvafiq Fərmana əsasən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Onun sözlərinə görə, Şuranın əsas vəzifələri qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlərin və onlara dair göstəricilərin müəyyən edilməsi, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyalarının Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasının təmin olunmasıdır. «Ötən müddət ərzində Milli Əlaqələndirmə Şurasının Katibliyi, müxtəlif sahələr üzrə işçi qrupları yaradılıb, iclaslar keçirilib və digər tədbirlər görülüb. Beləliklə, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində işlər görülür. Yaxın zamanlarda Azərbaycan bununla bağlı ilk könüllü hesabatını təqdim etmək niyyətindədir»- deyə, Əli Əmədov vurğulayıb.
Əli Əhmədov bildirib ki, Azərbaycanın bu proqrama qoşulmasında məqsəd müasir dünyamızın dəyişməsi prosesində iştirak etməklə əlaqədardır: “Azərbaycan inkişaf edən ölkələr sırasındadır. İqtisadiyyatımız  son illər ciddi şəkildə inkişaf edib. Son 12 il ərzində Azərbaycan iqtisadiyyatının 3,5 dəfə artması möhtəşəm bir göstəricidir. Bu inkişaf əməkhaqqı və pensiyaların bir neçə dəfə artırılmasına şərait yaradıb. Bu illər ərzində 3000  yeni məktəb, 600 tibb müəssisəsi tikilib və ya əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilib. Azərbaycan əhalisinin həyat şəraitinin yaxşılaşdırılması üçün ciddi infrastruktur yaradılıb. Bu proqrama qoşulmaqda məqsədimiz insanlarımızın həyat şəraitini və həyat keyfiyyətini daha da yaxşılaşdırmaqdır. Azərbaycan iqtisadiyyatının yeni strategiyası müəyyənləşib və bunun nəticəsində insanların daha layiqli həyat səviyyəsinin təmin olunmasına nail ola biləcəyik. Təbii olaraq, görülən işlərdə məqsəd, həyatımızın standartlarının bu gün üçün daha yüksək mərhələ hesab olunan Avropa standartlarına yaxınlaşdırmaq kimi məqsədi reallaşdırmaqdan ibarətdir. Br sıra məsələlər- səhiyyə, təhsil sahəsində bir sıra ölkələr üçün həlli vacib olan problemlər Azərbaycanda çoxdan həll olunub. Amma eyni zamanda, daha keyfiyyətli təhsil, hər bir vətəndaşa göstərilən səhiyyə xidmətinin səviyyəsinin və keyfiyətinin daha yüksəldilməsi, icbari tibbi sığortanın tətbiq edilməsi məsələlərin həll olunması da insanların həyat keyfiyyətinin daha da yüksəlməsinə səbəb olacaq. Beləliklə, biz Azərbaycanın milli inkişaf proqramında göstərilən hədəfləri Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılması kimi vəzifəni də üzərimizə götürmüşük. BMT-nin bu möhtəşəm proqramında ciddi şəkildə iştirak edirik və mühüm hədəfləri qarşımıza qoymuşuq. Dövlət qurumları ilə Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələri, o cümlədən vətəndaş cəmiyyəti təsisatları da  bu məqsədlərin həyata keçirilməsində fəal iştirak etməlidir. Ölkəmizdə güclü vətəndaş cəmiyyəti təsisatları formalaşıb. Onlar cəmiyyətimizin həyatında  artıq əhəmiyyətli rol oynamağa başlayıblar. Güman edirəm ki, bundan sonra bu rol və iştirakçılıq daha da genişlənəcək. Düşünürük ki, hökumətin qoşulduğu bu proqramın uğurla həyata keçirilməsində vətəndaş cəmiyyəti təsisatları, qeyri-hökumət təşkilatları öz töhfələrini verə bilərlər”.

Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərini reallaşdırılması üçün gördüyü işlərin BMT tərəfindən yüksək qiymətləndirildiyini deyən Əli Əhmədov bildirib ki, təşkilatın Bakı Ofisi ilə hökumətimiz bu yöndə sıx əməkdaşlıq edir.


BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi  Qulam İshaqzai çıxışında deyib ki, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə qlobal təşəbbüsünə fəal qoşulub və bu sahədə mühüm işlər görüb. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə və bu təşəbbüsdə əks olunan hədəflərin reallaşdırılmasına böyük önəm verir. BMT Dayanıqlı İnkişaf Məqsədləri sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında elm və tədqiqatlar mühüm rol oynayır. Q.İshaqzai bildirib ki, Dayanıqlı İnkişaf Məqsədləri və hədəflərinə çatmaq üçün düzgün statistikaya böyük ehtiyac var. Onun sözlərinə görə, vətəndaş cəmiyəti təsisatları bu prosesdə ictimaiyyətlə fəal iş aparmalıdır. Çünki onların bu fəaliyyəti, maarifləndirmə işləri proqramın uğurla reallaşmasında mühüm rol oynaya bilər.

Konfransda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev və müxtəlif QHT-lərin rəhbərləri çıxış edərək Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə bağlı vətəndaş cəmiyyətinin üzərinə düşən vəzifələrdən bəhs ediblər.