YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: Siyasi islahatlar ölkədə səmərəli dövlət idarəçiliyi sistemi, dayanıqlı ictimai-siyasi sabitlik yaratmışdır

«XX əsrin sonlarında yenidən müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən siyasi islahatlar strategiyası Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın ən mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik etmək məsuliyyətini öz üzərinə götürmüş bu görkəmli dövlət xadimi xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə xalqımızın tarixində silinməz izlər qoymuşdur». Bu fikirləri Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, YAP İdarə Heyətinin üzvü Əli Həsənov deyib.

Əli Həsənov bildirib ki, Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk illərdə milli birliyə qarşı yönəlmiş siyasi təhdidlər respublikada daxili sabitliyin, ictimai-siyasi və sosial-etnik təhlükəsizliyin təmin olunmasını, vətəndaş həmrəyliyinin yaradılması və digər ciddi məsələlərin həllini tələb edirdi. Buna görə də siyasi islahatlar aparılarkən milli təhlükəsizlik sisteminin mühüm tərkib hissələrindən biri olan ictimai-siyasi, sosial-etnik təhlükəsizliyin təmin edilməsi, cəmiyyətdəki köklü dəyişikliklərin xalqımızın maraqlarına təsirinin öyrənilməsi və nəzərə alınması vacib amillərdən biri oldu.

Əli Həsənov qeyd edib ki, Azərbaycanda ictimai-siyasi sabitliyin, qanunçuluğun və vətəndaş birliyinin təmin olunması siyasi islahatların əsas hədəflərindən birinə çevrildi ki, bunun da nəticəsində respublikada hökm sürən xaos və dağıdıcı qüvvələrin cinayətkar fəaliyyəti aradan qaldırıldı, dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən quruculuq işləri vüsət aldı. Heydər Əliyevin xalqı səfərbər edərək öz arxasınca apara bilən lider olması ilə yanaşı, müstəqil Azərbaycan dövlətinin qurucusu kimi yaradıcı şəxsiyyət keyfiyyətləri yenidən bariz şəkildə təcəssüm olundu. Ümummilli lider mürəkkəb xarici-siyasi vəziyyətdə, yeni dünya nizamının tələblərini və geosiyasi reallıqları nəzərə almaqla Azərbaycan dövlətinin milli inkişaf strategiyasını müəyyənləşdirdi və elmi-siyasi, tarixi cəhətdən əsaslandırdı.

«Respublikanın milli təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlərin aradan qaldırılmasının əsas və ən mühüm şərtini ictimai-siyasi sabitliyin təmin olunmasında görən Heydər Əliyev bəyan edirdi ki, nəyin bahasına olursa-olsun ölkə daxilində xaos və qarşıdurma cəhdlərinə qarşı qətiyyətli mübarizə aparacaq, qanunçuluğu və milli dövlətçiliyi möhkəmləndirmək üçün bütün imkanlardan istifadə edəcəkdir. Buna görə də müxtəlif vaxtlarda daxili və xarici dairələrin ölkəmizin konstitusiya quruluşunu sarsıtmaq, ictimai-siyasi sabitliyi pozmaq, etnik münasibətləri kəskinləşdirmək cəhdləri baş tutmadı və həmin hadisələr zamanı aydın oldu ki, siyasi islahatlar ölkədə səmərəli dövlət idarəçiliyi sistemi, dayanıqlı ictimai-siyasi sabitlik yaratmışdır»- deyə, o, vurğulayıb.