YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezidentin köməkçisi Əli Həsənov: Azərbaycan keçid dövrünü başa vuraraq, ictimai-siyasi, sosial-iqtisadi və mənəvi-ideoloji transformasiyasının yeni mərhələsinə daxil olmuşdur

«Siyasi islahatlar cəmiyyətdə konstruktiv əməkdaşlıq və vətəndaş həmrəyliyi prinsipinin özünə mühüm yer tutmasını şərtləndirmişdir ki, bu da demokratik siyasi sistemi səciyyələndirən əsas cəhətlərdən biridir. Ümummilli lider hər kəsin müstəqil mövqeyini, fərqli düşünmək hüququnu qəbul edir, hətta opponentlərin əsassız tənqidlərinə hədsiz dözümlülük göstərirdi. Heydər Əliyev demokratiyaya dərk edilmiş nizam-intizam, yaradıcı proses kimi baxır və bu anlayışdan sui-istifadə edərək cəmiyyətdə xaos yaratmağa cəhd edən siyasi avantüristlərə qarşı barışmaz mövqe tuturdu». Bu fikirləri Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, YAP İdarə Heyətinin üzvü Əli Həsənov deyib. 

Əli Həsənov bildirib ki, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin inkişafı naminə ictimai-siyasi qüvvələrin birliyinə nail olmaq və milli mənafelərdən irəli gələrək şəxsi, qrup maraqlarını arxa plana keçirib qarşıdurmalara yol verməmək siyasi islahatlar zamanı diqqət mərkəzində dayanmışdır. Onun sözlərinə görə, ölkənin əksər siyasi qüvvələri arasında konstruktiv əməkdaşlığın yaradılması müstəqil dövlət quruculuğu proseslərini sürətləndirən əsas amillərdən biri olmuşdur.

«Ümummilli liderin adı ilə bağlı olan siyasi islahatlar strategiyasının hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilib uğurla həyata keçirilməsi Azərbaycanın müstəqil dövlət kimi mütərəqqi inkişafında və dünya birliyində böyük nüfuz qazanmasında mühüm rol oynayır. Ötən illərin təcrübəsi göstərir ki, siyasi islahatların ardıcıl və sistemli şəkildə aparılması ictimai həyatın bütün sahələrinin ahəngdar inkişafı, milli maraqlardan irəli gələn məsələlərin çevik və lazımi səviyyədə həllini tapması üçün əlverişli imkanlar yaratmışdır. Bütün bunların nəticəsində Azərbaycan keçid dövrünü başa vuraraq, ictimai-siyasi, sosial-iqtisadi və mənəvi-ideoloji transformasiyasının yeni mərhələsinə daxil olmuşdur»- deyə, Əli Həsənov vurğulayıb.