YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sədrinin müavini: İdarəetmədə ən əhəmiyyətli və faydalı islahatların uğurla həyata keçirilməsi üçün bütün əsaslar mövcuddur

«Prezident İlham Əliyevin dərin islahatlar konsepsiyasının əhatə dairəsi kifayət qədər genişdir və bu dairədə idarəetmə sisteminin təkmilləşdirilməsi haqlı olaraq əsas yerlərdən birini tutur. İqtisadiyyatın getdikcə daha artıq dərəcədə liberallaşması, bazar iqtisadiyyatı münasibətlərinin və təfəkkürünün möhkəmləndirilməsi insanların fəaliyyətinin stimullaşdırılması ilə bağlı şərtlər sistemini əhəmiyyətli dərəcədə dəyişdirir». Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, insan fəaliyyətinin motivasiya əsaslarına yeni baxışın formalaşması aydın şəkildə müşahidə olunmaqdadır. Bu mənzərə bütün fəaliyyət sahələrində, o cümlədən dövlət idarəçiliyinə aid olan fəaliyyət sahələrində özünü büruzə verir. Xüsusilə də yüksək təhsilli gənclər arasında vəzifə perspektivləri və inkişafı daha çox sağlam praqmatik yanaşmalara istinad edir. Vaxtilə yaxşı universitet təhsilli gənc üçün dövlət idarəçiliyi sistemində işləmək təklifi ən uğurlu başlanğıc hesab olunurdusa, indi belə təklif onun əmək fəaliyyəti prioritetləri sırasında heç də həmişə ilk sıralarda dayanmır. Onun sözlərinə görə, prioritetlərin dəyişməsi əsasən maddi təminat mülahizələri ilə izah oluna bilər. Hesab edirik ki, idarəetmə sahəsində islahatlar bu reallığı nəzərə almaqla həyata keçirilərsə, o, fəaliyyət növü kimi cazibədarlığını qoruyub saxlaya bilər.

«İdarəetmə sahəsində islahatların qaçılmaz, eyni zamanda həssas cəhəti optimallaşma ilə əlaqədardır. Beynəlxalq praktikada bu sahədə nümunə sayıla biləcək konkret yanaşma mövcud deyil. Ölkələrin siyasi sistemləri, tarixi ənənələri, ərazi və əhali parametrləri və s. amillər çoxsaylı milli idarəetmə formalarının yaranmasına səbəb olmuşdur. Bununla yanaşı, dövlət idarəçiliyi sahəsində ağlabatan optimal yanaşmanın aktuallığı, demək olar ki, əksər ölkələr tərəfindən qiymətləndirilir.

Bürokratik aparatın əsassız olaraq şişməsi dövlətlərin əksəriyyətində müşahidə olunan hadisə sayıla bilər. Bu isə, öz növbəsində, büdcə xərclərinin artması ilə yanaşı, idarəçiliyin keyfiyyət parametrlərinin azalması ilə müşahidə olunur. Statistik məlumatlar Azərbaycanda bu sahədə ciddi tədbirlərin görülməsinə ehtiyac olduğunu göstərir. İdarəçilik metodlarının təkmilləşdirilməsi, daha müasir formaların sınaqdan keçirilməsi bu sahədə arzuolunan islahatların digər istiqamətini təşkil edir. Dövlət idarəçiliyi aparatı nəinki sayca optimal olmalı, habelə çevikliyi, qərarların qəbulu müddətinin minimuma endirilməsi kimi keyfiyyətləri ilə seçilməlidir. İnkişafın və dəyişikliklərin yüksək dinamikasının müşahidə olunduğu indiki dövrdə qərarların qəbulunun gecikməsi və ya lazımi idarəçilik çevikliyinin olmaması idarəetmə sisteminin fəaliyyətinin faydalılıq əmsalını ciddi şəkildə aşağı salır.

Nəhayət, aşkarlığın, şəffaflığın təmin edilməsi, idarəetmə sisteminin bütün pillələrinin müxtəlif növdən olan neqativlərdən təmizlənməsi dövlət idarəçiliyi sahəsində islahatların ən vacib sahəsi kimi qeyd edilməlidir. Neqativlərə qarşı mübarizə bütün dövrlərdə və ölkələrdə dövlət idarəçiliyi sahəsində, müəyyən mənada, ənənəvi hal almış fəaliyyət növünə çevrilib. Müasir idarəetmənın bu mübarizəni daha da gücləndirməyə həm ehtiyacı artıb, həm də imkanları. Qanun və qaydaların təkmilləşməsindən başlayaraq ən müasir texnologiyalardan istifadə etmək əsasında fəaliyyət göstərən “Elektron hökumət” ideyasının reallaşmasınadək çox geniş imkanlar dəsti mövcuddur ki, dövlət idarəçiliyi sahəsində zəruri şəffaflığı təmin etməklə neqativlərə qarşı mübarizənin səmərəsini qat-qat artıra bilər.

Azərbaycan yeni idarəetmə məfkurəsinə və metodlarına keçid mərhələsini yaşamaqdadır. 2016-cı ilin sentyabr ayında Azərbaycan Respublikasının Konstitusiyasına bəzi dəyişikliklərlə əlaqədar keçirilən referendumun nəticələri bu sahədə əlavə hüquqi imkanlar yaratmışdır. Çox qısa vaxtda idarəetmədə ən əhəmiyyətli və faydalı islahatların uğurla həyata keçirilməsi üçün bütün əsaslar mövcuddur və ölkə iqtisadiyyatı tezliklə onların müsbət təsirini hiss edə biləcəkdir»- deyə, YAP Sədrinin müavini vurğulayıb.